"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin "Sportinq"lə ilk oyununu (5:0) şərh edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı məşqçi "BT Sport"a açıqlamasında böyükhesablı qələbə qazanmaqlarına baxmayaraq, komandasından tam razı qalmadığını deyib:
“Bəzi oyunçular həmişəkindən daha pis oynadılar, biz topu asanlıqla itirdik. Eyni zamanda bu gün çox soyuqqanlı idik. İlk yeddi dəqiqədə biz “Sportinq”in nə qədər yaxşı olduğunu gördük. İnanın ki, 5:0 komandalar arasındakı fərqin göstəricisi deyil. "Sportinq" fantastik komandadır, Portuqaliya çempionudur. Onların nə qədər yaxşı komanda olduğunu bilirəm.
Futbolda bir qayda var: top ayağında olanda, xüsusən də asan vəziyyətlərdə onu itirməməyə çalışmalısan. Biz isə tez-tez topu itirdik. Bu, Avropanın aparıcı komandalarına qarşı matçlarda baş verəndə, əks-hücum etmək şansı qazanırlar.
Bəli, mən çox şadam, çünki növbəti mərhələyə çıxmaq yolunda inanılmaz addım atmışıq. Bu, əla nəticədir, lakin 1/4 finala çıxmaq üçün daha bir matçı qazanmaq lazımdır.
Futbolçular məni tanıyır, iş tərzimizi bilirlər. Biz oyunumuzu yaxşılaşdırmalıyıq. Mən həqiqətən xoşbəxtəm, amma biz daha yaxşı ola bilərik”.
Mirağa