FİFA və UEFA-nın Rusiya klublarının avrokuboklarda iştirakına qadağa qoyması qonşu ölkə futboluna təsirsiz ötüşməyəcək.
Düzdür, Premyer Liqaya fasilə verilməyib, çempionat davam edir. Bununla belə, xüsusilə legionerlərin klubları ilə müqaviləyə ikitərəfli və ya təktərəfli xitam verib ölkəni tərk etməsi ilə bağlı xəbərlər var. Üstəlik, məlum qadağa təkcə əcnəbi futbolçuların yox, elə yerli oyunçuların da axınına səbəb olacaq.
Baxmayaraq ki, Avropada və ümumiyyətlə, dünyada çıxış edən rus futbolçularla bağlı hansısa məhdudiyyət yoxdur. Amma hər bir iddialı futbolçu istəyər ki, qitə turnirlərində çıxış etsin. Bura Rusiyadakı mövcud iqtisadi durumun ürəkaçan olmamasını da nəzərə alsaq, elə rus futbolçuların da xaricə üz tutması realdır. Bir çoxu isə əlacsızlıqdan Rusiyanı tərk etməyə can atacaq. Belədə onların transfer qiyməti də əlçatan olacaq.
Bəs Azərbaycan klubları mövcud durumdan yararlanıb Rusiya "bazar"ından "alış-veriş" edə bilərmi?
Fanat.Az mövzu ilə bağlı menecerlərdən Erkin İbrahimov və Vaqif Heydərlinin mövqeyini öyrənib:
Erkin İbrahimov: "Əslində, düşündürücü sualdır, mövzu kimi əhatəlidir. Amma dünyada elə proseslər baş verir ki, uzun müddətli proqnoz vermək olmur. Çünki ağlımıza gəlməyən hadisələrə şahid oluruq. Sabah nə olacağını, Rusiya idmanına, futboluna tətbiq olunan sanksiya və qərarların nə qədər müddət davam edəcəyini proqnozlaşdırmaq olmur. Ona görə fikirlərimin yüzdəyüz doğrulacağından əmin deyiləm. Bir neçə ehtimal var. Əlbəttə ki, futbolçular Rusiyadan çıxıb gedəcəklər. Çünki mövsümün sonunda avrokuboklarda iştirak etməyəcəyini bilə-bilə, intriqasız yarışda qalmaq istəməyən çox olacaq. Yəqin ki, FİFA da mövcud transfer pəncərəsinə baxmayaraq, Rusiyada çıxış edən futbolçuların zərər görməməsinə çalışacaq. Onlara şərait yaradacaq ki, sərbəst şəkildə hansısa çempionatda oynaya bilsinlər. Bununla belə, düşünürəm ki, Azərbaycana Rusiyanın ikinci divizionundan futbolçular rahat şəkildə gələ bilər. Premyer Liqadan inandırıcı deyil. Yeri gəlmişkən, Murad Musayevin "Sabah"dan ayrılıb "Krasnodar"a gedəcəyi deyilsə də, bildiyimə görə getmir və Azərbaycanda qalır. Əksinə, onun əlaqələrini nəzərə alsaq, "Sabah"a Rusiyadan oyunçu transfer oluna bilər. Hər şey ola bilər. Siz dediyiniz variant realdır və yəqin ki klublarımız bu imkandan yararlanmağa çalışacaq".
Vaqif Heydərli: "Təbii ki, Rusiya klublarına tətbiq olunan qadağanın bizə çox böyük təsir edəcəyini düşünmürəm. Bəli, müəyyən mənada ola bilər. Rusiyadan ayrılmaq istəyəcək oyunçuların klublarımıza keçidi barədə danışırıqsa, səviyyə amilini nəzərə almaq lazımdır. Düzdür, avrokuboklara buraxılmayacaq rus klublarından ayrılanlar olacaq. Ancaq nəzərə almaq lazımdı ki, bu ölkədə oynayan futbolçuların bəlli səviyyəsi var. Məhz bu səviyyələrinə görə bizi yox, Rusiya çempionatını seçiblər. Xarici ölkə klublarına gedəcəklərsə, təbii ki yenə də öz səviyyələrinə uyğun seçim edəcəklər. Mümkündür ki, hansısa 2-3 futbolçu məcbur qalıb Azərbaycanı seçsin. O da ciddi amil sayılmır. Bu mənada ciddi təsir gözləmirəm".
Mirağa