Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatında bu gün VI turun qarşılaşmaları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycanın yarışdakı ən yüksək reytinqli şahmatçısı Qədir Hüseynov tur çərçivəsində qara fiqurlarla italiyalı Daniele Vokaturo ilə üz-üzə gələcək.
Eltac Səfərli "ağlar"la Svan Rasmusun (Almaniya), Abdulla Qədimbəyli "qaralar"la yarışın ikinci reytinq favoriti, Ukrayna yığmasının heyətində komandalararası son Avropa çempionatının qalibi olan Anton Korobovun müqavimətini qırmağa çalışacaq.
Tur həmçinin Azərbaycan derbisi ilə əlamətdar olacaq. Fevralda baş tutan son ölkə çempionatının bürünc medal görüşündə üz-üzə gələn Aydın Süleymanlı və Vasif Durarbəyli növbəti dəfə münasibətləri aydınlaşdıracaq.
Vüqar Əsədli Yuri Krivoruçko (Ukrayna) ilə, Misrətdin İsgəndərov Daniel-Boqdan Dyak (Rumıniya) ilə, Nicat Abasov Lorenso Lodiçi (İtaliya) ilə, son Azərbaycan çempionu Məhəmməd Muradlı Dmitri Kollarsla (Almaniya) qarşılaşacaq. Vüqar ağ, digər üç şahmatçımız qara fiqurlarıa oynayacaq.
Hazırda hesabında 4 xal olan Abdulla, Qədir və Eltac lider Emre Candan (Türkiyə) cəmi 0,5 xal geri qalmaqla turnir cədvəlində müvafiq olaraq, 8, 12 və 15-ci pillələrdə qərarlaşıblar. Misrətdin, Aydın, Məhəmməd, Nicat, Vasif və Vüqar hərəyə 3,5 xal hasil edə biliblər.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət turnir aprelin 6-dək davam edəcək. Ümumi mükafat fondu 100 min avrodur.
Avropa çempionatı
VI tur
Daniele Vokaturo (İtaliya) - Qədir Hüseynov
Eltac Səfərli - Svan Rasmus (Almaniya)
Anton Korobov (Ukrayna) - Abdulla Qədimbəyli
Vüqar Əsədli - Yuri Krivoruçko (Ukrayna)
Daniel-Boqdan Dyak (Rumıniya) - Misrətdin İsgəndərov
Dmitri Kollars (Almaniya) - Məhəmməd Muradlı
Lorenso Lodiçi (İtaliya) - Nicat Abasov
Aydın Süleymanlı - Vasif Durarbəyli
Murad İbrahimli - Leon Livaiç (Xorvatiya)
Kirill Georgiyev (Şimali Makedoniya) - Riad Səmədov
Lampos Yannoulakis (Yunanıstan) - Əhməd Əhmədzadə
Tor Fredrik Kaasen (Norveç) - Gövhər Beydullayeva
Toğrul Həsənzadə - Yakub Kozakovski (Polşa)
Petro Qolubka (Ukrayna) - Şahin Vəliyev