Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində təşkil olunan şahmat üzrə Avropa çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu - XI turunda Azərbaycan təmsilçilərindən Vasif Durarbəyli almaniyalı Julian Krameri, Nicat Abasov kosovolu Nderim Saraçini yenib. Qədir Hüseynov Zdenko Kozulla (Xorvatiya), Misrətdin İsgəndərov Yuri Kuzubovla (Ukrayna), Abdulla Qədimbəyli Jil Mussarla (Fransa) heç-heçəyə razılaşıb.
Aydın Süleymanlı Rasmus Svanla (Almaniya) xalı yarı bölüb. Həmçinin Eltac Səfərli və Əhməd Əhmədzadə arasında baş tutan Azərbaycan derbisində də qalib müəyyənləşməyib.
Son ölkə çempionu Məhəmməd Muradlı isə Eduardo İtturizaqaya (İspaniya) uduzub.
Beləliklə, yekun sıralamada Azərbaycan şahmatçıları arasında ən yaxşı göstəriciyə Vasif Durarbəyli nail olub. Səkkiz xal toplayan 30 yaşlı qrossmeyster yarışı 8-ci sırada tamamlayıb. Ondan yarım xal geri qalan Abdulla, Misrətdin və Qədir müvafiq olaraq 9-11-ci pillələrdə qərarlaşıblar. Qitə çempionu aktivinə 8,5 xal yazan almaniyalı Mattias Blübaum olub. İlk "20-lik"də qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Qeyd edək ki, qitə çempionatına ümumilikdə 317 şahmatçı qatılıb. Yarışın ümumi mükafat fondu 100 min avro təşkil edib.
Avropa çempionatı
XI tur
Zdenko Kozul (Xorvatiya) - Qədir Hüseynov 0,5:0,5
Misrətdin İsgəndərov - Yuri Kuzubov (Ukrayna) 0,5:0,5
Abdulla Qədimbəyli - Jil Mussar (Fransa) 0,5;0,5
Vasif Durarbəyli - Julian Kramer (Almaniya) 1:0
David Quijarro (İspaniya) - Vüqar Əsədli 1:0
Rasmus Svan (Almaniya) - Aydın Süleymanlı 0,5:0,5
Nicat Abasov - Nderim Saraçi (Kosovo) 1:0
Məhəmməd Muradlı - Eduardo İtturizaqa (İspaniya) 0:1
Əhməd Əhmədzadə - Eltac Səfərli 0,5:0,5
Gövhər Beydullayeva - Nikita Meşkovs (Latviya) 1:0
Riad Səmədov - Luka Budisavlyeviç (Serbiya) 1:0
Murad İbrahimli - Qjeqoj Nasuta (Polşa) 0,5:0,5
Migel Orteta (İspaniya) - Şahin Vəliyev 0,5:0,5
Toğrul Həsənzadə - Valentin Hulka (Ukrayna) 1:0