"Riyeka" (2:1) ilə oyunda fərqlənərək Xorvatiya çempionatında ilk qolunu vuran Mahir Emreli yerli mətbuatın diqqətini üzərinə çəkməyi bacarıb.
Fanat.Az xəbər verir ki, "24sata.hr" portalında Zaqreb "Dinamo"sunda çıxış edən Azərbaycan millisinin üzvü ilə bağlı yazı təqdim olunub.
"Kopiç qolçusunu tapdı? Bəli, bu, Mahir Emreli ola bilər" sərlövhəli yazıda Emrelinin üstün keyfiyyətləri vurğulanıb:
"Azərbaycanlı forvard “Dinamo”nun heyətində oynadığı cəmi 227 dəqiqə ərzində bir qol vurub, iki matçda rəqibin futbolçusunu ("Sevilya" və "Riyeka" ilə oyunlarda) meydandan qovdurub, zədəli halda oynamaq istəyib, iki zərbəsi tirə tuş gəlib...
Rujevitsada "Dinamo"nun iki qəhrəmanı var idi - Ariyan Ademi və Mahir Emreli. Kapitandan hardasa gözlənilirdi, lakin azərbaycanlı hücumçu sübut etdi ki, ona daha çox güvənmək lazımdır. Onun sol ayağı "Dinamo"ya böyük fayda verə bilər.
Mahir Emreli səviyyədir!
O, Bruno Petkoviç kimi topu ayağında saxlamağı xoşlayır. "Dinamo" oyunçularından heç kim rəqibin cərimə meydançasında "dərinlik axtarmır". Azərbaycanlı komandaya mərkəz hücumçusu kimi cəlb edilsə də, o, sağ cinahda daha yaxşı çıxış edir. Topla mərkəzə girəndə isə çaxnaşma yaranır...
Mahir özünü təsdiqləmiş hücumçu kimi "Maksimir"ə gəlib. “Qarabağ”da 185 oyunda 67 dəfə fərqlənib (24 məhsuldar ötürmə). Polşa "Legiya"sının oyunçusu kimi isə 33 matçda 11 qol vurub. Bu, onun "Dinamo"ya titul qazandıracaq lazımi qolları gətirə biləcəyinin sübutudur.
"Dinamo" cümə günü "İstra"nı qəbul edir və Kopiç daha hücumameylli futbol oynatmalıdır. Azarkeşlər “müdafiə stabilliyi”ndən yorulub. "Mavilər" belə rəqiblərini “əzməlidir”. İndi görünür ki, bunu ilk dəqiqədən Emreli ilə etmək olar..."
Mirağa