Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın dördüncü turunda sonuncu Dünya Kuboku turnirinin qalibi, polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub.
Təcrübəli şahmatçı hazırda 3 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Ondan əvvəlki sıralarda yer alan niderlandlı Yorden Van Forest, Hansen və Kuanq Lyem də eyni xalı toplayıb. Duda 5 xalla 3-cü yerdədir. Sıralamaya 9 xalla Praqnanandha başçılıq edir.
Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup"
IV tur
Yan-Kşiştof Duda (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Maqnus Karlsen (Norveç) - Rameşbabu Praqnanandha (Hindistan)
Erik Hansen (Kanada) - Le Kuanq Lyem (Vyetnam)
Aniş Giri (Niderland) - Yorden Van Forest (Niderland)