Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın altıncı turunda niderlandlı Yorden van Forest ilə üz-üzə gəlib. Matçın dörd rapid partiyasından ibarət əsas bölümü heç-heçə yekunlaşdığından, tərəflər görüşün taleyinə tay-breykdə aydınlıq gətiriblər. Məmmədyarov burada rəqibindən üstün olaraq turnirdə ardıcıl ikinci, ümumilikdə üçüncü qələbəsini qazanıb.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə, beşinci turda niderlandlı Aniş Giriyə qalib gəlib. O, 2, 3 və 4-cü turlarda müvafiq olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, Kanada təmsilçisi Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.
Təcrübəli şahmatçı hazırda 8 xalla 6-cı pillədə yer alıb. Sıralamaya 12 xalla Karlsen başçılıq edir. İkinci sıradakı Praqnanandha da onunla eyni sayda xal toplayıb.
Qeyd edək ki, 8 qrossmeysterin qatıdığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup"
VI tur
Yorden van Forest (Niderland) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 2,5:3,5 (0,5:0,5, 1:0, 0,5:0,5, 0:1, 0,5:0,5, 0:1)
Maqnus Karlsen (Norveç) - Erik Hansen (Kanada) 2,5:0,5
Yan-Kşiştof Duda (Polşa) - Rameşbabu Praqnanandha (Hindistan) 2,5:0,5
Aniş Giri (Niderland) - Le Kuanq Lyem (Vyetnam) 0,5:2,5