Aprelin 29-da Çexiyanın Ostrava şəhərində start götürəcək beynəlxalq turnirdə Azərbaycanı təmsil edəcək üzgüçülərin adları açıqlanıb.
Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda komandanı yeni tərtib olunmuş cədvələ uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.
Yığmanın baş məşqçisi Rəşad Əbdurrəhmanov yarışın dünya çempionatına lisenziya qazanma baxımından çox önəmli olduğunu bildirib: "Ümid edirik ki, üzgüçülər öz göstəricilərini daha da yaxşılaşdıraraq finala vəsiqə qazananlar sırasında olacaq. Bu turnirdə çox güclü idmançılar iştirak edəcək. Çalışırıq ki, təmsilçilərimiz ən yaxşı nəticə göstərənlər sırasında yer alsın".
Qeyd edək ki, turnir bu il Macarıstanda və 2023-cü ildə Yaponiyada keçiriləcək dünya çempionatına lisenziya xarakterlidir.