Azərbaycan millisinin və "Dinamo Zaqreb"in hücumçusu Mahir Emreli bazar günü Xorvatiya çempionatında növbəti oyununa çıxacaq. Paytaxt təmsilçisi "Maksimir"də "Şibenik"i qonaq edəcək.
Fanat.Az xəbər verir ki, ötən gün "Dinamo"nun rəqibinin düşərgəsində maraqlı hadisə yaşanıb.
"Dalmatian" portalında yer alan məlumata görə, bir qrup "Şibenik" azarkeşi axşam məşqindən əvvəl baş məşqçi Din Raçunitsaya yaxınlaşaraq ondan Zaqrebə yeniyetmələrlə yollanmağı xahiş ediblər. Başqa sözlə, tərəfdarlar "Dinamo"ya müqavimətsiz təslim olmağı istəyir. Buna səbəb "Şibenik" azarkeşlərinin "Hayduk"a nifrət etmələri və onun çempion olmasını istəməmələridir.
Məsələ burasındadır ki, "Dinamo"dan 4 xal geri qalan "Hayduk" son turda Mahirin komandası ilə qarşılaşacaqlar. Split təmsilçisi bazar günü "mavilər"in uduzacağına və çempionluğun taleyini son turda özlərinin həll edəcəyinə inanır.
Mirağa