"İlk turda uduzub ardınca üç heç-heçə edəndən sonra Azərbaycan çempionatında medal qazanacağıma inamım itmişdi".
Bunu Fanat.Az-a açıqlamasında qadınlar arasında Azərbaycan çempionatının gümüş medalçısı Ləman Hacıyeva deyib.
Yarış iştirakçıları arasında reytinqinə görə sonuncu yerdə olsa da, çempion Gövhər Beydullayeva və milli komandanının digər üzvləri Ülviyyə Fətəliyeva ilə Türkan Məmmədyarovanı yenərək sürprizə imza atan 19 yaşlı şahmatçı sözügedən rəqibləri ilə görüşlərindən danışıb:
"Mən bu yarışa ötən ay təsnifat mərhələsində qalib olaraq vəsiqə qazanmışdım. Bununla belə, ölkə çempionatında medal qazanacağıma inanırdım. Lakin ilk turda uduzub ardınca üç heç-heçə edəndən sonra inamım itmişdi. Sonrakı turda Gövhərlə qarşılaşırdım. Biz Beydullayeva ilə dəfələrlə oynamışıq, bir-birimizə yaxından tanış olan rəqibik. Səhvindən istifadə edib qələbə qazandım. Ardınca Ülviyyə Fətəliyevanı da udandan sonra son turda Türkan Məmmədyarovanı da məğlub edib medalçılar arasında yer alacağıma çox inanırdım. Belə də oldu. Yığma üzvləri ilə görüşlərə rahat çıxmışdım. Çünki mən onsuz da ən aşağı reytinqli şahmatçı idim, itirəsi çox şey yox idi. Bu amil də mənim köməyimə çatdı".
FIDE ustası dərəcəsinə sahib şahmatçı bu medalın ona böyük hədəflərə çatmaqda stimul verəcəyini düşünür:
"Son yarışda reytinqimi azı 70 punkt qaldırdım. Azərbaycan çempionatında ilk dörd yeri tutan şahmatçılar avqustda qadınların şəxsi Avropa çempionatında ölkəni təmsil edəcək. Məqsədim bu və qarşıdakı digər yarışlarda reytinqimi yüksəltmək, milli komandaya düşməkdir. Təbii ki, bunun üçün hələ çox çalışmalıyam".
Qeyd edək ki, 17-23 may tarixlərində keçirilən dairəvi sistem üzrə 7 turdan ibarət Azərbaycan çempionatının qalibi 5 xalla Gövhər Beydullayeva olub. 4,5 xal toplayan Ləman Hacıyeva ikinci, 4 xal hasil edən Ülviyyə Fətəliyeva üçüncü yeri tutub.
Sahib Əsədbəyli