Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində bu gün növbəti qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster VIII turda hindistanlı Vişvanatan Anand ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov 22-ci gedişdə sabiq dünya çempionunu təslim edib.
Qələbə sayəsində xalını 14,5-ə çatdıran təmsilçimiz liderliyi ələ keçirib. Onun zirvədə qalıb-qalmayacağı norveçli hazırkı dünya çempionu Maqnus Karlsenin fransalı Maksim Vaşye-Laqravla görüşün nəticəsindən asılı olacaq.
Turnirdəki digər təmsilçimiz Teymur Rəcəbov isə bu dəqiqələrdə ağ fiqurlarla çinli Van Hao ilə münasibətləri aydınlaşdırır.
Reqlamentə əsasən, əsas partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstün olan tərəf 1,5, məğlub şahmatçı 1 xal qazanır.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.
"Norway Chess"
VIII tur
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 0:1
Teymur Rəcəbov (Azərbaycan) - Van Hao (Çin)
Aniş Giri (Niderland) - Aryan Tari (Norveç)
Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa)
Uesli So (ABŞ) - Veselin Topalov (Bolqarıstan)