Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün qadın güləşi üzrə mübarizəyə start veriləcək. Azərbaycanın ilk olaraq 4 təmsilçisi qitə birinciliyində qüvvəsini sınayacaq.
43 kq-da iştirakçılar 2 qrupa bölünüb. A qrupunda yer alan Elvina Kərimzadə Anastasiya Polska (Ukrayna), Azra Azisova Mustafova (Bolqarıstan) və Elvira Draqanla (Rumıniya) mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan güləşçilər yarımfinala yüksələcək.
Ruzanna Məmmədova (49 kq) 1/8 finalda ispan Kandela Giraldes Markeslə qarşılaşacaq.
Günay Qurbanova (57 kq) startda rumıniyalı Florentina Georgiana Mantoqla güləşəcək.
Fatimə İsayeva (65 kq) isə 1/8 finalda almaniyalı Kassidi Rixterlə mübarizə aparacaq.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinallar 18:00-da start götürəcək.
Bu gün həmçinin üç yunan-Roma güləşçimiz final qarşılaşmasına çıxacaq. 51 kiloqram çəki dərəcəsində yer alan Vədat Qasımlı qızıl medal uğrunda həlledici dueldə gürcüstanlı Anri Xozrevanidzeylə, Məhəmməd Qasımzadə (60 kq) digər gürcü Avtandil Mamaladzeylə, Davud Məmmədov (71 kq) isə türkiyəli İbrahim Özdemirlə üz-üzə gələcək. Daha bir "klassik"imiz Hüseyn Savadov (45 kq) isə bürünc medal üçün güləşəcək.
Medal qarşılaşmaları saat 19:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşçilərinin hesabında hazırda 1 qızıl, 3 gümüş medal var. Fəraim Mustafayev (55 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olub. Gümüş mükafatları isə Elvin İbadov (48 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) millimizin aktivinə yazdırıb.