Bu gün İspaniyanın paytaxtı Madriddə Azərbaycan şahmatçısı Teymur Rəcəbovun iştirakı ilə İddiaçılar Turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster yarışın ilk turunda Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gələcək. Rəcəbov bu partiyada ağ fiqurlarla oynayacaq.
T.Rəcəbovun turnirdəki digər rəqibləri çinli Dinq Liren, ABŞ şahmatçıları Fabiano Karuana və Hikaru Nakamura, FIDE bayrağı altında yarışan son İddiaçılar Turnirinin qalibi rusiyalı Yan Nepomnyaşi, macar Rixard Rapport və polşalı Yan-Kşıştof Dudadır. Dairəvi sistem üzrə keçiriləcək yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
Qeyd edək ki, Rəcəbov turnirdə FIDE-nin ona təqdim etdiyi “wild card” (xüsusi dəvət) sayəsində çıxış edəcək. 2019-cu ildə keçirilmiş Dünya Kubokunun qalibi kimi İddiaçılar Turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun nüfuzlu yarışda iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.
İddiaçılar Turniri
I tur
Teymur Rəcəbov (Azərbaycan)- Alireza Firuzca (Fransa)
Yan-Kşiştof Duda (Polşa) - Rixard Rapport (Macarıstan)
Dinq Liren (Çin) - Yan Nepomnyaşi (FIDE)
Fabiano Karuana (ABŞ) - Hikaru Nakamura (ABŞ)