Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qrossmeyster V turda çinli Dinq Liren ilə üz-üzə gələcək. Rəcəbov FIDE reytinqinin ikincisinə qarşı ağ fiqurlarla oynayacaq.
Teymur I və III turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca və FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi ilə "sülh"ə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3 xala sahib Yan Nepomnyaşidir.
Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
İddiaçılar Turniri
V tur
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin)
Fabiano Karuana (ABŞ) - Rixard Rapport (Macarıstan)
Alireza Firuzca (Fransa) - Yan-Kşiştof Duda (Polşa)
Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE)
Xal durumu: Nepomnyaşi - 3, Karuana - 2,5, Duda, Rapport, Nakamura - 2, Liren, Rəcəbov, Firuzca - 1,5.