Azərbaycan cüdo millisi Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən Açıq Avropa turnirinin son günündə daha bir qızıl medal qazanıb.
Fanat.Az xəbər verir ki, kişilər arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev finalda kanadalı Aleksandr Arensibiaya qalib gələrək yarışın baş mükafatına sahib çıxıb.
Bu gün tatami üzərinə çıxan digər beş cüdoçumuz isə turniri medalsız başa vurub.
Beləliklə, millimiz Açıq Avropa turnirini 3 qızıl, 3 bürünc medalla tamamlayıb. Bu nəticə ilə Azərbaycan ümumkomanda hesabında 32 ölkə arasında birinci yeri tutub.
Qeyd edək ki, beynəlxalq turnirin ilk gününündə Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanıblar.
***
Bu gün Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın daha altı cüdoçusu tatami üzərinə çıxacaq.
Kişilərin 81 kiloqram çəki dərəcəsində yer alan Kərim Allahverdiyev startda Parker Roloff (ABŞ) ilə qarşılaşacaq. Eyni çəkidəki Hasil Cəfərov isə Riçard Murko (Slovakiya) - Razvan Bodea (Rumıniya) cütünün qalibini gözləyir.
Murad Fətiyev (90 kq) turnirə Şenk-Kai Lin (Tayvan) ilə görüşlə başlayacaq.
İmran Yusifov (+100 kq) Endryu Makvattla (Böyük Britaniya) mübarizə aparacaq.
Qadınlar arasında 70 kq çəki dərəcəsində çıxış edən Günel Həsənli Adelina Tsuquçini (Rumıniya), eyni çəkidəki Südabə Ağayeva Raffaella Çianonu (İtaliya) sınağa çəkəcək.
Kərim və Murad mübarizəyə 1/16 finaldan qoşulacaq. Hasil, İmran, Günel və Südabənin ilk görüşü isə 1/8 final mərhələsinə təsadüf edəcək.
Qeyd edək ki, Rumıniyaya 17 nəfərlik heyətlə yollanan Azərbaycan millisi turnirin ilk gününü 5 mükafatla başa vurub. Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) qızıl, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev (66 kq) və Nəriman Mirzəyev (73 kq) bürünc medal qazanıb. Bu nəticələrdən sonra yığma 32 ölkə arasında ilk pillədə qərarlaşıb.