Azərbaycan millisi ötən həftə finalı 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsindəki rəqiblərini tanıdı. Joze Alesio Da Silvanın başçılıq etdiyi futzal yığması 6-cı qrupda Polşa və Yunanıstanla mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, Polşa mətbuatı püşkü dəyərləndirib.
Həmkarlarımız Azərbaycan millisini favorit hesab edirlər: "Qrupda birincilik uğrunda azərbaycanlılarla yarışacağıq. Son illərdə onlar Avropanın ən güclü təmsilçilərindən biri kimi tanınır. Baxmayaraq ki, sonuncu dünya çempionatına gedən yolda “sondan əvvəlki mərhələdə” dayandırılıblar. Onların dünya çempionatında ilk çıxışı 2016-cı ildə olub. Sonra Kolumbiyada 1/4 finala yüksəldilər.
Bu rəqibi 2010-cu ildən mütəmadi olaraq iştirak etdiyi Avropa çempionatında daha tez-tez görə bilərik. Məhz o zaman onlar ən yüksək nəticəni - dördüncü yeri tutdular. Bu il Niderlandda keçirilən Avropa çempionatında Azərbaycan dörd xal toplayıb - o, Bosniya və Herseqovina ilə qrupda qalib gəlib, İspaniya ilə bərabərə qalıb, lakin pley-off mərhələsinə yüksələ bilməyib.
Son illər Azərbaycanın çıxışı göstərir ki, bu, son onilliyin əvvəlindəki kimi təhlükəli rəqib deyil. Həmin vaxt milliləşdirilmiş braziliyalıların hesabına azərbaycanlılar qitənin ən böyük favoritləri sırasında yer alırdılar. Bununla belə, onlar püşkdə birinci səbətdən çəkiliblər. Bu səbəbdən Azərbaycan millisi qrupumuzun favoritidir. Püşk daha pis ola bilərdi - birinci səbətdən çəkilən komandalar arasında çempionluq titulunu qoruyan İspaniya və Portuqaliya da var idi".
Qeyd edək ki, əsas mərhələnin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 6-cı qrupun oyun günləri bu il 12-21 sentyabr, 3-12 oktyabr, 6-9 noyabr, eləcə də 2023-cü il 27 fevral – 8 mart tarixlərinə təsadüf edəcək.
Mirağa