"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, Qurbanov təcrübəli komandaya qarşı oynayacaqlarını bildirib:
"Sürix" fərqli sistemlə çıxış edir. 90 dəqiqə ərzində meydanda diqqətli olmalıyıq. Rəqibi tam yaxından tanımırıq. Onları oyun ərzində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı mübarizə aparacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialından xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq.
"Sürix"in baş məşqçisi Franko Foda uzun müddət Avstriya millisinə rəhbərlik edib. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemindən əl çəkmir. Yeni baş məşqçi komandanı həm 4-lü, həm də 5-li müdafiə sistemində oynadır. Avropadakı klublar gedən oyunçuların yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik. Biz onlara rahatlıqla qalib gələcəyik deyə düşüncəmiz yoxdur. Foda bəlkə onları daha da stimullaşdırıb. Əsas qol silahları komandadan ayrılsa da, hücum potensialları böyükdür.
Çempionlar Liqasının nə dərəcədə ciddi turnir olduğunu bilirik. Bu, bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyunlardan daha yaxşı çıxış etsinlər"
Qurbanov sabahkı qarşılaşma üçün biletlərin əksəriyyətinin satılmasına da münasibət bildirib:
"Bu, azarkeşlərin bizə olan inamını göstərir. Üstünlüyümüz odur ki, Bakıda, dogma fanatlarımızın qarşısında oynayacağıq. Həddindən artıq motivasiya futbolçuya pis təsir edə bilər. Ən böyük narahatlığım da budur. Sabahkı görüşdə şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. Çempionat oyunlarımızda da çoxlu fanatların olmasını istəyirəm. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir. Bizim azarkeşlərimiz bir nömrədir. Ötən matçda da bunun şahidi olduq. Hətta məğlub olsaq belə, çalışacağıq ki, tərəfdarlarımız o mübarizəni, istəyi görsünlər və razı getsinlər".
Emin