"Slovakiyanın "Slovan" (Bratislava) komandasını keçəndən sonra bu barədə danışmaq olar. Növbəti mərhələdəki rəqibləri peşəkarcasına təhlil edəcək qədər yaxşı tanımıram".
Fanat.Az xəbər verir ki, bunu Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Henri Uinqo UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri barədə danışarkən deyib.
Macarıstan çempionu II təsnifat mərhələsində "Slovan"ı mübarizədən kənarlaşdıracağı təqdirdə, "Qarabağ" - "Sürix" (İsveçrə) cütünün qalibi ilə üz-üzə gələcək.
27 yaşlı yarımmüdafiəçi uzaq yoldan qaçmaq üçün İsveçrə təmsilçisinin münasib rəqib olacağını bildirib: "Hər hansı matça çıxmaq üçün saatlarla səyahət etmək yaxşı hal deyil. Azərbaycana yollanmalı olsaq, yol yorğunluğu qaçılmaz olacaq. Ancaq bu gün üçün növbəti komandalar haqqında düşünmək qeyri-ciddi yanaşma sayılar".
Qeyd edək ki, "Ferentsvaroş" və "Slovan" komandaları arasında Macarıstanda keçiriləcək ilk oyun iyulun 20-də olacaq. "Qarabağ" isə bu gün Bakıda "Sürix"i qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.