Bu gün Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası start götürəcək.
Fanat.Az xəbər verir ki, artıq Azərbaycan yığmalarının ilk turdakı rəqiblərinin adına aydınlıq gəlib. Heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasovun yer aldığı kişilərdən ibarət millimiz startda Əlcəzair kollektivi ilə üz-üzə gələcək.
Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyevadan təşkil olunan qadın seçməmiz isə Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri aydınlaşdıracaq.
Görüşlər Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Olimpiadada kişilərin mübarizəsində 188, qadınların turnirində isə 150 ölkədən komandalar iştirak edəcək.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq yarışlar avqustun 10-a qədər davam edəcək.