Ötən gün UEFA Konfrans Liqasınını II mərhələsinin cavab oyununda Kiprin "Aris" kollektivini ümumi hesabda yenərək növbəti mərhələyə vəsiqə qazanan "Neftçi" növbəti raundda Avstriyanın "Rapid" klubu ilə qarşılaşacaq.
Fanat.Az "ağ-qaralar"ın KL-dəki rəqibi barədə bəzi vacib məlumatları təqdim edir:
"Rapid" Avstriyanın paytaxtı Vyananı təmsil edir. Komanda 1898-ci ildə yaradılıb və hazırda ölkənin ən titullu klubudur. Paytaxt təmsilçisi 32 dəfə Avstriya çempionatının 14 dəfə isə ölkə kubokunun qalibi olub.
Vyanalıların fanatları Avropanın ən çılğın azarkeşlərindən sayılır. Komandanın 126 rəsmi fan-klubu var. Ötən mövsüm "Rapid"in ev oyunlarına orta hesabla 17000 azarkeş gəlib.
"Rapid" ev oyunlarını 28 345 azarkeş tutumuna malik "Alyans" stadionunda keçirir.
Komanda ötən mövsüm "6-lıq" sistemi ilə keçirilən Avstriya Bundesliqasında 5-ci yerin sahibi olub.
Futbol üzrə Avstriya Bundesliqası UEFA-nın sıralamasında hazırda 10-cu pillədədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Premyer Liqası bu siyahıda 26-cı yerdə qərarlaşıb.
"Neftçi"nin rəqibi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda öz meydanında Polşanın "Lexiya" klubu ilə 0:0-lıq heç-heçəyə razı olub. Səfərdə isə rəqibini 2:1 hesabı ilə yenərək KL-in növbəti mərhələsinə vəsiqə qazanıb.
Ötən mövsümə UEFA Avropa Liqasında start verən klub "Vest Hem", "Dinamo Zaqreb" və "Genk"in yer aldığı "H" qrupunda üçüncü yerlə kifayətlənərək Konfrans Liqasına düşüb və Niderlandın "Vitess" klubuna uduzaraq mübarizəni dayandırıb.
Komandanın baş məşqçisi 42 yaşlı Ferdinand Feldhoferdir. Avstriyalı mütəxəssis 2021-ci iıdən "Rapid"i çalışdırır. Feldhoverin bəlli bir taktiki sxemi yoxdur. Müşahidələr göstərir ki, komanda həm ölkə çempionatında həm də KL-də rəqibdən asılı olaraq, meydana müxtəlif düzülüşlə çıxır.
Komandanın ən çox ümid bəslədiyi futbolçular:
Qvido Burqştaller - hücumçu (Avstriya)
Marko Qrüll - yarımmüdafiəçi (Avstriya)
Bernhard Zimmermann - yarımmüdafiəçi (Avstriya)
Qeyd edək ki, "Neftçi" - "Rapid" oyunu avqustun 4-də, saat 21:00-da "Baksell Arena"da keçiriləcək.
Emin Şəmsiyev