Georgi Nikolov
Ramin Musayevin PFL-i tərk etdiyini eşidəndə inanmadım. Mənə elə gəlirdi ki, o, həmişə bu qurumun prezidenti postunda qalacaq. Bəli, futbol səhnəsini tərk edə biləcəyini düşünmürdüm. Bunu ən gözəl duyğularla deyirəm!
Zarafat deyil, adam praktiki olaraq özünün yaratdığı PFL-ə 15 il idi ki, rəhbərlik edirdi.
Hamının xoşuna gəlirdi, ya yox, bu, artıq başqa söhbətin mövzusudur. Bəlli məsələdir ki, insan hamının xoşuna gələ bilməz!
Ramin müəllim hər zaman işini yüksək səviyyədə görməyə çalışıb. Fakt budur ki, adam həmişə klubları Azərbaycan futbolunun ümumi hədəflərinə uyğunlaşdırmaq uğrunda mübarizə aparıb. Təbii, onunla bağlı narazılıqlar, fikir ayrılıqları və qərarı sayəsində atılan yanlış addımlar da olub... Amma istənilən rəhbər üçün yeganə yol budur. Böyük məqsədlər uğrunda çalışırsansa, özünü çətinliklərə hazır saymalısan. Musayev isə yerində saymağı sevməyən, daim inkişafa can atan, irəli baxan biridir.
Onunla münasibətlərim belə desəm, çoxşaxəli olub. Açığı, “İnter”in prezidenti olduğum dönəmdə bəzən ona çox əsəbiləşmişəm, bəzən də tam şəkildə anlamışam. Hərdən ona qarşı çıxmışam, hərdən qərarlarını ürəkdən dəstəkləmişəm... Hə, sevimli “İnter”imin PFL-lə Ramin müəllimin üzərindən qurulan münasibətlərini belə xatırlayıram. Kimin səhv, kimin düz olduğu hazırda heç bir əhəmiyyət daşımır. Tarix xırdalıqları heç vaxt nəzərə almır.
Sizə sıradan fakt kimi gəlməsin. Musayev düz 15 il PFL kimi qurumun prezidenti postunu tutub. Bu, əməlli-başlı eradır. Tarixi vərəqləsək, bu 15 il elə dinozavrların yer üzünə ağalıq etdikləri dönəmlə eyni uzunluqdadır.
Fərq ondadır ki, dinozavrlar yoxa çıxıblar. Mənim qardaşım isə işini şərəflə görəndən sonra estafeti başqasına verib.
Eksklüziv olaraq Fanat.Az üçün