Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis belə danışıb:
"Bakının gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah buradan qələbə ilə ayrılacağıq. III təsnifat mərhələsində asan rəqib olmadığını bilirik. Bu komandanı çoxdan izləmişik. Ötürmələri əla edir, driblinq etməyi bacarırlar. "Neftçi"yə düşünmək imkanı verməməliyik.
Feldhofer Avstriyada olarkən Bakıdakı rütubətin, saat fərqinin, istinin, səfər yorğunluğunun "Neftçi"nin işinə yarayacağını bildirmişdi. "Bakcell Arena"dakı mətbuat konfransına Bakıdakı tıxac səbəbindən gecikən "Rapid"in baş məşqçisi bunun sabahkı matça təsir etməyəcəyini vurğulayıb:
"Tıxac problemi bütün ölkələrdə var. İnanmıram ki, bu bizə sabahkı oyunda psixoloji problem yaradar. Ancaq nəzərə alsaq ki, hava sabah isti olacaq, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı biruzə verməyək".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.