Macarıstanın "Ferentsvaroş" klubunun futbolçusu Endre Botka Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə nəticələnən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı 27 yaşlı sağ cinah müdafiəçisinin dediklərini belə çatdırıb:
"Hesabda önə çıxsaq da, təəssüf ki, "Qarabağ" dönən topdan sonra hesabı bərabərləşdirə bildi. Komandamızın bütün üzvləri matça konsentrasiya olunmuşdular. Rəqib futbolçular hücumda çox güclü oynasalar da, müdafiə xətlərində problemlərin olduğunu gördük. Cavab görüşündə bundan yararlanmalıyıq. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istədiyimiz üçün ev oyununda qalib gəlməliyik".
Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında cavab oyunu avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.
Emin