Ötən gün UEFA Konfrans Liqasında yeganə təmsilçimiz "Neftçi" doğma meydanında Avstriyanın "Rapid" klubunu qəbul edib. Oyun "ağ-qaralar"ın 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
2005-ci ildən - 2007-ci ilə qədər "Neftçi"nin şərəfini qorumuş sabiq müdafiəçi Aftandil Hacıyev Fanat.Az-a açıqlamasında Bakı təmsilçisinin oyunu barədə fikirlərini bölüşüb.
"Bu, Neftçi"nin Konfrans Liqasındakı üçüncü oyunu idi. İlk görüşlə müqayisədə irəriləyiş hiss olunur. Ən azı məşqçinin futbolçularla arasında olan münasibəti qeyd edərdim. Oyunda bir neçə epizod var idi ki, "Neftçi onlardan yararlana, daha çox qol vura bilərdi. Amma "Rapid" son dəqiqələrdə vurduğu qolla bu cütün taleyini cavab oyununa saxladı. "Neftçi" səfərdə də son oyununu oynasa, mərhələ adlayacaq. Komandanın oyununda temp artımı hiss olunur. Bəlkə də bəzi mövqelərdə axsaqlıq var. Ancaq əsas olan budur ki, vəziyyət yaxşıya doğru dəyişir. Yəqin ki, qarşıdakı matçlarda problemlər tədricən öz həllini tapacaq. Baş məşqçinin çatışmazlıqlar üzərində çalışıb daha güclü kollektiv formalaşdıracağına ümid edirəm. Belə olacağı halda, səfərdə heç-heçə də etsək, bəs edər".
Emin Şəmsiyev