UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un sağ cinah müdafiəçisi Endre Botka Bakıda keçirilən ilk matç (1:1) barədə Macarıstan mətbuatına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu belə danışıb:
"Arenada hiss ediləcək dərəcədə qatı tüstü var idi. Məncə, bu, ətrafda çox gördüyümüz manqalların tüstüsü idi. Çox çətin şəraitdə oynadıq. Qəribədir, əvvəllər belə halla rastlaşmamışdım. Havanın hərarəti o qədər də çox deyildi. Ancaq sanki meydanda oksigen yox idi. Komanda yoldaşlarım və mən bunu isinmə hərəkətlərinə başladıqdan iki dəqiqə sonra tərləyərək hiss etdik. Bəhanə etmirəm, rəqib də bizimlə eyni şəraitdə oynadı. Sadəcə, onlar rütubətli havaya daha çox öyrəşiblər".
Qeyd edək ki, "Ferentsvaroş" və "Qarabağ" arasında cavab matçı avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdəki "Groupama Arena"da keçiriləcək.
Nihat