Georgi Nikolov
Nikbin notlar üzərində başlayacağam! "Şamaxı"nın yeni loqosuna və onu hazırlayanların fantaziyasına yaxşı mənada həsəd aparıram. Avanqard, eleqant, müasir və gözəl görünür.
Təəssüf ki, bir qaşıq mum bir çəllək balı korlayır. Hə, klubun yaranma tarixini nəzərdə tuturam. 1997-ci il? Doğrudan? Bu, həqiqət olsaydı, yaxşı olardı. Amma deyil!
1997-ci ildə "Xəzər Universiteti"nin, 2004-cü ildə mənim doğma "İnter"imin əsası qoyulub. 2017-ci ildə "İnter"in əvəzinə "Keşlə" yaradılıbsa, 2022-ci ildə "Şamaxı" meydana gəlib. Bu klublardan heç birinin 1997-ci ilə aidiyyatı yoxdur!
Mən "İnter"in prezidenti olduğum dönəmdə heç vaxt "Xəzər Universiteti"nin uğurlarını öz adımıza çıxmağa cəhd etməmişəm. Bunu unutmayın!
Ancaq "Şamaxı" rəhbərliyi adi dəniz qulduru kimi davranır. Başqasının gəmisini tutur, üzərinə "Şən Rocer" yazılan bayrağı havaya qaldıraraq "bu, mənimdir" mesajı göndərir.
Çox üzr istəyirəm, amma 1997-dən 2022-yə qədər heç nə sizin deyil! Bütün gücünüzlə çalışmasanız, ümumiyyətlə, sizin olmayacaq...
Eksklüziv olaraq Fanat.Az üçün