Macarıstan təmsilçisi "Ferentsvaroş" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"a 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
Fanat.Az xəbər verir ki, Budapeşt klubunun baş məşqçisi Stanislav Çerçesov matçdan sonra keçirilən mətbuat konfransında yenilgiyi şərh edib:
"Əslində oyuna pis başladıq, pis də qurtardıq. Fikrimizcə, biz udmalı idik. Amma praktikada bunu bacarmadıq. Səhvləri sırf müdafiəçilərin üstünə atmaq düzgün deyil. Biz komanda şəklində uduzduq. Xüsusilə çox top itkilərinə yol verdiyimiz üçün məğlub olduq.
"Qarabağ" çox güclü komandadır. Hücumda əla oynadılar. Məğlubiyyəti daha çox bununla əlaqələndirərdim. Biz də yaxşı komandayıq. Sadəcə, alınmadı. Hamınız bizi sorğu-sual edirsiniz. Bu, sizin işinizdir. Bizim işimiz isə səhvlərdən nəticə çıxarmaqdır".
59 yaşlı baş məşqçinin sözlərinə görə, özündən razı olmaq pis deyil: "Hətta deyərdim ki, belə oyunlar üçün yaxşıdır. Baş məşqçiyəm, bütün məsuliyyət mənim üzərimdədir Daha sonra sakit başla səhvləri harada buraxdığımızı təhlil edəcəyik".