"Ferentsvaroş"un yarımmüdafiəçisi Balint Veçei Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bakıda heç-heçə etdikləri (1:1) "Qarabağ"a evdə 1:3 hesabı ilə yenilərək turnirlə vidalaşmalarından danışıb.
Fanat.Az xəbər verir ki, "M4 Sport" onun söylədiklərini belə çatdırıb:
"Bilirdik ki, "Qarabağ"ın heyətində bizi ən kiçik səhvimizə görə cəzalandıra biləcək futbolçular var. Ancaq bunu bildiyimiz halda, ciddi səhvlərə yol verdik. Rəqib bu məqamdan lazım olan səviyyədə yararlandı.
Topu ələ keçirəndən sonra iti ötürmələr etməyi planlaşdırsaq da, alınmadı. Sürət baxımından istədiyimiz oyunu sərgiləyə bilmədik. Evdə məğlub olduğumuz, yolumuza davam edə bilmədiyimiz üçün üzgünük. Bu, çox ağrılı reallıqdır. "Doğma divarlar arası"nda istəyimizə çatacağımızı düşünürdük. Təəssüf ki, mümkün olmadı.
Hər şeyə rəğmən, təslim olmaq fikrimiz yoxdur. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ən azı son 3 mövsümdə bunu bacarmışıq".
Nihat