"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi - "Viktoriya"nın (Plzen, Çexiya) yarımmüdafiəçisi Yan Sikora Bakıya səfər ərəfəsində klubun saytına açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, belə danışıb:
"Rəqibin nəticələri göz qabağındadır. "Qarabağ" çox keyfiyyətli, "Şerif"dən daha üstün komandadır. Amma biz ora mütləq qələbə hədəfi ilə gedirik. Məqsədimiz evə mümkün olan ən yaxşı nəticə ilə qayıtmaqdır".
Sözügedən futbolçu 2016-cı ildə Avropa Liqasının qrup mərhələsində də təmsilçimizlə üz-üzə gəlib. Həmin vaxt Çexiyanın digər təmsilçisi "Slovan"ın heyətində yer alan Yan Azərbaycanda keçirilən və 2:2 hesabı ilə bitən qarşılaşmada AL tarixinin ən erkən qoluna imza atmışdı. Orta xətt oyunçusu Liberets təmsilçisinin forması ilə vurduğu tarixi qolu da yada salıb: "Bakı ilə bağlı xoş xatirələrim var. Həmin matç heç-heçə bitsə də, unudulmaz qolu hələ də xatırlayıram. Əlbəttə, bu dəfə fərqli stadionda üz-üzə gələcəyik. Ancaq qrup mərhələsinə qatılmaq üçün mümkün olan hər şeyi etməli, arzumuzu reallaşdırmalıyıq".
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 17-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş 20:45-də başlayacaq.
Nihat