Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Çexiya çempionu "Viktoriya" ilə qolsuz heç-heçə edən "Qarabağ" qitənin ən nüfuzlu turnirinin qrup mərhələsinə düşmək üçün çox çətin işin öhdəsindən gəlməlidir.
Əlbəttə, evdə məğlub edə bilmədiyi Plzen təmsilçisini səfərdə üstələmək missiyası sıradan hədəf deyil. Ancaq təmsilçimizin öz meydanında müqavimətini qırmağı bacarmadığı rəqibləri qonaq qismində üstələdiyini də görmüşüksə, deməli, ümidsizliyə qapılmağa dəyməz.
Bəs görəsən, ağdamlılar Plzendə nəyin hesabına zəfər qazana bilər? Ümumiyyətlə, qələbə hədəfi reallıqla uzlaşırmı?
İlk matça qısa baxış
Qonaq komandanın müdafiədən oynayacağı öncədən bəlli idi. Rəqbin "Qarabağ"ı yaxşı təhlil etdiyi, "açar" oyunçuları zərərsizləşdirmək üçün düzgün çıxış yolu tapdığı oyunboyu sezildi. Bəli, istər Abdullah Zubir, istər Kadi, istərsə də "nizənin sivri ucu"nda qərarlaşan Vadjinin sıx müdafiə istehkamını yarmaqda çətinlik çəkməsi faktdır. Ucaboy futbolçulardan təşkil edilmiş, fiziki cəhətdən hazırlıqlı rəqibin baş məşqçisi Mixal Bilekin yetirmələrindən birinə Zubirə qarşı fərdi oynamağı tapşırması da diqqətdən yayınmadı.
Düzdür, topa daha çox nəzarət edən "Qarabağ" 3-4 real qol epizodu yarada bildi. Lakin adətən yaratdığı təhlükəli vəziyyətlərin təxminən yarısını məntiqi sonluqla tamamlayan Ağdam təmsilçisi bu dəfə qapı torunu silkələmədi. Dağıdıcı futbola üstünlük plzenlilərin iki dəfə tribunalara toplaşan azarkeşləri pərişan etmək şansı yaransa da, hər ikisində bəxt Ağdam komandasının tərəfində oldu. Sonadək oyun intizamından qopmayan, böyük qüvvə ilə irəli atılmağa cəsarət etməyən çexlər Bakıda qol buraxmamaq tapşırığını yerinə yetirərək geri qayıtdı.
Rəqib kapitansız oynayacaq
"Viktoriya"nın öz meydanında hücum futboluna üstünlük verəcəyini proqnozlaşdırmaq absurddur. Birinci matçdan sonra verilən açıqlamaları da nəzərə alsaq, Bilekin antifutbol fəlsəfəsinə sadiq qalacağını ehtimal etmək çətin deyil. "Qarabağ" səfərə tam heyətlə yollanacaqsa, Çexiya təmsilçisi vərəqə limitini dolduran kapitanın - Lukaş Heydanın xidmətindən məhrumdur. 191 santimetr boya malik mərkəz müdafiəçisi şübhəsiz, "qırmızı-göylər"in ən vacib fiqurlarından biridir və onun yoxluğunda "arxa cəbhə"nin zəifləyəcəyi də dəqiqdir. Məhz bu məqamı ağdamlılar üçün üstünlük saymaq olar.
Çexiyada nəmişlik və bürkü olmayacaq
Şərtlər hər iki tərəf üçün eyni olsa da, hücum edən komandanın gücdən düşməsi müdafiə olunan kollektivin işini asanlaşdırır. İlk oyunda isti və nəmişlik daha çox ağdamlılara mane oldu desək, yanılmarıq. Çexiyadakı qarşılaşmada Azərbaycan çempionu nəfəs almağı belə, çətinləşdirən bürkü ilə mübarizə aparmaq məcburiyyətində qalmayacaq. ÇL-in 3-cü təsnifat mərhələsində mübarizədən Macarıstandakı qələbə (3:1) hesabına kənarlaşdırılan "Ferentvaroş"la oyunu xatırlamaq kifayət edər. Macarlara qarşı Azərbaycanda keçirilən görüş (1:1) də o qədər də uğurlu alınmamışdı. Düzdür, birinci qarşılaşmada "Qarabağ"ın əsas futbolçularından olan Kadi və Riçard Almeyda iştirak etməmişdi. Amma razılaşaq ki, isti hava da təmsilçimizin planlarını həyata keçirməsinə az əngəl yaratmamışdı.
Tanışlıq geridə qaldı
Təmsilçimizin Çexiyada Bakıdakından daha məzmunlu oyun səriləyəcəyinə və istədiyi nəticəni qazanacağına ümid edənlərin əsas arqumentlərindən biri də Qurban Qurbanov amilidir. Ağdamlıların baş məşqçisi artıq "Viktoriya"nın zəif və güclü cəhətlərini özü üçün müəyyənləşdirib. Əyani tanışlıq geridə qalıbsa, yəqin ki, Qurbanov həmkarı Bilekə sürpriz hazırlayacaq. Təbii, çexlər də azərbaycanlıları daha dərindən öyrənməkdə, zəif cəhətlərini üzə çıxarmaqda maraqlıdır. Amm "Qarabağ"ın bu mövsüm ÇL-in təsnifat mərhələlərində keçirdiyi bütün cavab oyunlarında xoş təsir bağışladığını yaddan çıxarmamalıyıq.
Bir qədər də bəxt...
Yuxarıda qeyd etdiyimiz kimi, "Viktoriya"dan evdə açıq futbol gözləmək olmaz. Bu kollektiv yalnız qapısında erkən qol görəcəyi təqdirdə, irəli atılmaq məcburiyyətində qalacaq. Yəni azı 3-4 real qol vəziyyəti yaradacağı şübhə doğurmayan ağdamlıların hesabı açması vəziyyəti kökündən dəyişəcək. Belədə, "qınından çıxmaq", hücuma daha çox diqqət ayırmaq meydan sahibləri üçün vacibə çevirləcək ki, bu da təmsilçimizin işini yetərincə asanlaşdıracaq. Deməli, bir qədər də bəxt amili "Qarabağ"ın tərəfində olmalı, rəqibin bütün planlarını pozacaq həmin qol mümkün qədər tez vurulmalıdır.
Başqanın doğum gününə hədiyyə
Çexiyadakı matç avqustun 23-də keçiriləcək. Oyun günü "Qarabağ"ın prezidenti Tahir Gözəl 50 illik yubileyini qeyd edəcək. Bu məqamın "Qarabağ"ın futbolçuları üçün əlavə motivasiya statusu daşıdığı dəqiqdir. Avropa səhnəsində ortaya qoyduğu performansla tarixində ikinci dəfə ÇL-in qrupunda oynamağı haqq edən ağdamlılar başqanın yubileyində parlaq zəfərə köklənəcək. Yeri gəlmişkən, "köhlən atlar" 2017-ci ildə, Tahir bəy 45 yaşını qeyd etdiyi tarixdə ÇL-in qrupuna yüksəlmişdi. Həmin vaxt evdə 1:0 hesabı ilə yendiyi "Kopenhagen"ə danimarkada 1:2 uduzan Ağdam təmsilçisi avqustun 23-də səfər qolu hesabına möhtəşəm ilkə imza atmışdı.
Nihat