"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Viktoriya”nın (Plzen) mərkəz müdafiəçisi Vatslav Yemelka Bakıda keçirilən matçdan (0:0) danışıb.
Fanat.Az xəbər verir ki, 27 yaşlı oyunçu yerli mətbuata müsahibəsində Azərbaycandakı qarşılaşmanı belə dəyərləndirib:
“Meydanın mərkəzində dayanıb Çempionlar Liqasının himninin dinləmək əla bir duyğu idi. İlk dəfə idi bu hissləri yaşayırdım. Orada olduğuma görə sevinirəm.
Bakıdakı nəticə bizə revanş üçün əla şans verir. Komandamızla fəxr edirəm. Biz çətin şəraitdə heç-heçə üçün mübarizə apardıq və istəyimizə çatdıq. Bakıda hava çox pis, rəqib isə yaxşı idi”.
Vatslav “Qarabağ”la oyunda ona yad olan sol cinah müdafiəçisi mövqeyində oynamasına da toxunub: “Bu haqda matça bir gün qalmış bildim. Əlbəttə, bu, stoper mövqeyi deyil. Amma mən tapşırıqla barışmalı oldum. Şadam ki, məşqçimiz məni həvəsləndirdi və məndə özünəinam yaratdı.
Deməzdim ki, Bakıdakı oyun mənim üçün ən çətin matç idi. Mən hətta bunu ağlımdan da keçirmirəm. Hər dəfə meydana çıxanda rəqibin kimliyindən asılı olmayaraq, əlimdən gələni etməyə çalışıram”.
Xatırladaq ki, “Viktoriya” ilə “Qarabağ” arasında ÇL-in pley-off mərhələsinin cavab oyunu avqustun 23-də Plzendə keçiriləcək.
Nihat