Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşan "Qarabağ" ilk oyunu 0:0 hesablı heç-heçə ilə başa vurdu. Cavab matçı avqustun 23-də Plzendə keçiriləcək.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov Fanat.Az-a açıqlamasında "Viktoriya" ilə oyunlar barədə fikirlərini bölüşüb:
"İlk hissədə hər iki komandanın qol imkanları var idi. "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. "Viktoriya"da göstərdi ki, möhkəm komandadır. "Qarabağ"ı yaxşı analiz etmişdilər. Hər şey cavab oyununda həll olunacaq. Futbolçuların həmin gün nə dərəcədə hazırlıqlı olmalarından çox şey asılıdır. Ümidvaram ki, "Qarabağ" növbəti mərhələyə keçərək hamımızı sevindirəcək. Düşən bütün rəqiblər ciddi idi, amma "Viktoriya" xüsusilə çətin rəqibdir. Onların ustalıq səviyyəsi digərlərindən daha çoxdur.
Növbəti oyunun necə keçəcəyi ilə bağlı heç bir proqnozum yoxdur. "Qarabağ"ın necə oynayacağını, hansı oyun üslubunu seçəcəyini təmsilçimizin məşqçiləri bilir".
Emin Şəmsiyev