UEFA Çempionlar Liqasının pley-off mərhələsində öz meydanında Çexiyanın "Viktoriya" klubu ilə heç-heçə (0:0) edən "Qarabağ" sabah Bakı vaxtı ilə saat 23:00-da səfərdə cavab matçına çıxacaq.
2005/07-ci illər mövsümündə Ağdam təmsilçisinin heyətində çıxış etmiş veteran qapıçı Cahangir Həsənzadə oyun ərəfəsində Fanat.Az-a açıqlama verib:
"Zənnimcə, səfərdəki oyun daha maraqlı olmalıdır. Çünki "Qarabağ" Bakıda göstərdi ki, hətta dərin müdafiəyə qapanan komandanın qapısı önündə kifayət qədər təhlükəli epizodlar və qol vəziyyətləri yaratmaq olar. Bizimkilərin fərdi ustalıq səviyyəsi "Viktoriya" klubunun futbolçularından aşağı deyil ki, yuxarıdır. Bəli, onların da üstün cəhətləri var. Rəqib standart vəziyyətlərdən fərqlənə bilir. Yəqin ki, oyunu izləyən hər kəs bunu gördü.
Mən hesab edirəm ki, sabahkı matçda "Viktoriya" mərhələ adlamaq istəyirsə, həmin oyunu təkrar etməyəcək. Onlar irəlidə daha aqressiv oynamaq məcburiyyətində olacaqlar. Amma ola bilər ki, daha praqmatik oyuna üstünlük versinlər. Çünki bundan öncə keçirdiyi görüşlərdə məhz belə oyunla daha çox yadda qalıb. Rəqib açıq futbol oynamalı olsa, bu zaman "Qarabağ"ın fərqlənmək şansları artacaq. Belədə, "Viktoriya"nın arxa xəttində bəzi bolşluqlar yarannacaq və "Qarabağ"ın hücumçuları sürəti, qol duyumu hesabına vəziyyətdən yararlana biləcək.
"Viktoriya"nın baş məşqçisi reallığı qəbul edib yenidən sıx müdafiə olunsa, o zaman "Qarabağ"ın işi bir qədər çətin olacaq".
Emin Şəmsiyev