Sabah UEFA Çempionlar Liqasınını pley-off mərhələsində səfərdə Çexiyanın "Viktoriya" klubuna qarşı cavab oyununa çıxacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ənənəvi mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, 50 yaşlı mütəxəssis futbolçularına inandığını bildirib:
"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq. Rəqib də istəklidir. Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq".
Qurbanov Bakıdakı matçda yaxşı qol şanslarının olduğunu bildirib:
"Viktoriya" da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində çalışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".
O, Maksim Medvedevlə Kevin Medinadan başqa, bütün oyunçuların sağlam olduğunu söyləyib:
"Hamı oyuna hazırlaşır. Sadəcə, 2 mərkəz müdafiəçisi olmayacaq. Digərləri ilə bağlı problem yoxdur".