UEFA Çempionlar Liqasının pley-off mərhələsində öz meydanında Çexiyanın "Viktoriya" klubu ilə heç-heçə (0:0) edən "Qarabağ" bu gün Bakı vaxtı ilə saat 23:00-da səfərdə cavab matçına çıxacaq.
2007-2016-ci illər aralığında Ağdam təmsilçisinin heyətində çıxış etmiş veteran qolkiper Fərhad Vəliyev oyun ərəfəsində Fanat.Az-a açıqlama verib:
"Rəqibin belə bir oyun üslubu ilə meydana çıxması gözlənilən idi. Onlar bunu əvvəlcədən bildirmişdilər. Sıx müdafiə ilə oyun qurub "Qarabağ"a boşluq verməməyə çalışırdılar. Qurban Qurbanovun yetirmələri buna rəğmən, rəqibin qapısı qarşısında bir neçə təhlükli epizod yarada bildi. "Viktoriya" intizamlı komandadır. Müdafiədə düzgün oynayıb "Qarabağ"ı əks-hücumlarda yaxalamaq istəyirdi. Fikrimcə, bu gün keçiriləcək cavab oyunu da həmin ssenaridə davam edəcək. Yenə də "Qarabağ"a boşluq verməməyə çalışacaqlar. Yadınızdadırsa, keçən oyunda ağdamlılar elə ilk dəqiqələrdə hesabı aça bilərdi. "Qarabağ" bu gün belə bir imkandan yararlana bilsə, rəqib də məcbur olub açıq futbola üstünlük verəcək. Belə olacağı halda, yenidən bizim fərqlənmək şansımız olacaq".
Emin Şəmsiyev