Çexiyanın paytaxtı Praqada təşkil olunan qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün altıncı turun görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir Azərbaycan təmsilçilərindən Günay Məmmədzadə Marina Brunello (İtaliya) ilə, Gülnar Məmmədova Aleksandra Maltsevskaya (Polşa) ilə, Ülviyyə Fətəliyeva Anna Uşenina (Ukrayna) ilə üz-üzə gələcək.
Tur çərçivəsində bir Azərbaycan dueli baş tutacaq. Son Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva yarışın gümüş mükafatçısı Ləman Hacıyevanı sınağa çəkəcək. Digər şahmatçılarımızdan Xanım Balacayeva Maçteld Van Foreest lə (Niderland), Səbinə İbrahimova Olqa Dvorakova (Çexiya) ilə münasibətləri aydınlaşdıracaq.
Hazırda hesabında 4 xal olan Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova turnir cədvəlində, müvafiq olaraq, 3, 5 və 7-ci yerlərdə qərarlaşıblar. Ləman Hacıyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva 3, Səbinə İbrahimova 2 xal toplaya bilib.
Lider 4,5 xala malik polşalı Monika Soçkodur.
Qeyd edək ki, qitə çempionatında 123 şahmatçı qüvvəsini sınayır. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.