Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Aydan Vəliyevanın Fanat.Az-a müsahibəsi
- Avropa çempionatında gümüş, EYOF-da və DÇ-də bürünc. Başqa sözlə, ilin təqvimindəki üç ən önəmli yarışda üç medal. Daha əvvəl də Avropa çempionu olmusan. Cüdomuzun parlamaqda olan ulduzunu yaxından tanıyaq.
- 2005-ci ildə Bakıda anadan olmuşam. Cüdo ilə 8 yaşımdan, böyüklərdən ibarət yığmanın hazırkı baş məşqçisi Rəşad Məmmədovun yanında məşğul olmağa başlamışam. Daha öncə məndən dörd yaş böyük bacımı cüdoya yazdırmışdılar. Ailədə məqsəd onun peşəkar kimi yetişməsi idi. Məni sadəcə bacıma dəstək olmaq üçün qoymuşdular. Amma məşğul olduqca, həvəsim yarandı. Bacım isə beş-altı il məşğul olduqdan sonra idmanla vidalaşası oldu.
- Dünən sənin həm də doğum günün idi. "Bürünc" əlamətdar gün üçün yaxşı hədiyyə sayıla bilər, yoxsa bunun üçün yalnız "qızıl" lazım idi?
- Ad günümə dünya çempionluğu hədiyyə etmək istəyirdim. Həm nəzərə alanda ki, bu, yeniyetmələrdə son dünya çempionatım idi, daha da üzülürəm.
- Sənin çəkində qalib Yaponiya cüdoçusu oldu ki, bizim qızların da sonuncu dəfə hansı yarışda "gündoğar ölkə" təmsilçisini yendiyini unutmuşuq.
- Əsas rəqib kimi Yaponiya cüdoçusunu görürdüm. Üzərində hazırlaşmışdım. Üz-üzə gəlsəm, qalib olacağıma inanırdım. Uduzduğum İtaliya idmançısı yenə biləcəyim rəqib idi. Sadəcə öz səhvlərimdən uduzdum.
- Avqustun 28-də qarışıq komanda yarışında mübarizə aparacaqsan. EYOF-dakı tarixi birincilikdən sonra yığmanın dünya birinciliyində də sözünü deyəcəyini gözləyənlər çoxdur. Komandanın liderlərindən biri kimi fikrin maraqlıdır: həmin yarışda nəyə ümid edək?
- Komandamız həqiqətən güclüdür. Ən azından medalçılar sırasında olacağımıza inanırıq. Amma məqsəd çempionluqdur.
- Yeniyetmələrin dünya çempionatında ölkəmizə qızlar arasında tarixdə ikinci medalı qazandırdın. Hazırda böyüklər yığmasının aparıcı üzvlərindən biri olan Leyla Əliyevanın ilk və sonuncu nailiyyətindən doqquz il keçirdi. Növbəti ildən isə artıq gənclərin yarışına keçirsən və orada da sənə ümidlər böyükdür. İnananlara nə demək istəyirsən?
- Eyni stabilliyi gənclərdə də göstərməyə çalışacağam. Ola bilsin, çəki dərəcəm dəyişdi. Çünki 48 üçün çox - 5-6 kilo çəki salıram. Düşünürəm, gənclərdə 52 kiloqramda döyüşmək daha rahat olar mənə. Amma yekun qərarı məşqçilər verəcək.
Sahib Əsədbəyli