Moldovanın futzal liqasında “Qarabağ-Kişineu” adlı komanda çıxış edir. Bu komandanın təsisçisi sözügedən ölkədə yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlovdur.
O, həm də Moldova Azərbaycanlıları Konqresinin sədridir. Ramil bəy və konqress üzvləri ötən həftə Avropa Liqasının pley-off mərhələsində Kişinyovda keçirilən “Şerif” (Moldova) - “Pünik” (Ermənistan) oyununda Azərbaycan bayrağı dalğalandırıb, "Qarabağ Azərbaycandır" aksiyası keçirərək gündəm olublar.
Bunu nəzərə alaraq, Ramil bəylə əlaqə saxladıq. Həm aksiya, həm də “Qarabağ-Kişineu” klubunun fəaliyyəti ilə bağlı məlumat öyrəndik.
Ramil Adıgözəlovun Fanat.Az-a müsahibəsinı təqdim edirik:
- Necə oldu ki, “Qarabağ-Kişineu” klubunu yaratmaq qərarına gəldiniz?
- “Qarabağ-Kişineu” klubunu 2019-cu ildə ölkəmiz üçün mühüm olan 18 oktyabr tarixində təsis etdim. Həmin günlərdə ordumuz işğal altında olan torpaqlarımızı azad edirdi. Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı kimi mən də öz töhfəmi vermək istədim. Atam ağdamlıdır, ona grə də Qarabağ mənim üçün sadəcə, söz deyil.
- Komandanın çıxış etdiyi liqa, heyəti, çıxışları barədə məlumat verə bilərsiniz?
- Gənc komandayıq. Futzal üzrə Moldova çempionatının C liqasında mübarizəyə qoşulduq. Çempionlata qoşulduğumuz ilk mövsümdə 5-ci yeri tutduq. Bu isə debütant komanda üçün elə də pis nəticə deyildi. İkinci mövsüm isə ikinci yeri tutduq. Tezliklə daha yüksək liqaya yüksəlmək uğrunda önəmli matç keçirəcəyik.
Heyətimizdə həm azərbaycanlı, həm də moldovalı futbolçular var. Bunun sayəsində biz mədəni-milli dəyərlərimizi köçürür, özümüz isə yerli dəyərləri mənimsəyirik. Bu ölkənin mentaliteti bizimkindən fərqlənir. Burada futbol yalnız idman növü deyil, yerli cəmiyyətə sürətlə inteqrasiya etməyə kömək edən güclü sosial rıçaqdır. İdman məqsədlərini bzi də unutmuruq. Bir neçə mövsümdən sonra yüksək liqalara çıxmaq istərdik. Yüksək liqa üçün isə böyük pullar, sponsorlar lazım olacaq. Ancaq hələ ki, bütün diqqətimizi liqa adlamaq uğrunda keçirəcəyimiz matça yönəltmişik və addım-addım hədəfimizə doğru getmək istəyirik.
- Ötən həftə Moldova Azərbaycanlıları Konqresi "Qarabağ Azərbaycandır!" adlı aksiya keçirib. 100-ə yaxın soydaşımız UEFA Avropa Liqasının pley-off mərhələsində Kişinyovda keçirilən “Şerif” (Moldova) -“Pünik” (Ermənistan) qarşılaşmasında ingilis və Azərbaycan dillərində yazılan “Qarabağ Azərbaycandır!” şüarı olan köynək geyinərək Moldova komandasına dəstək olublar. Aksiyada Azərbaycan və Moldovanın dövlət bayraqları dalğalandırılıb. Bildiyimiz qədərilə, siz də Moldova Azərbaycanlıları Konqresinin üzvüsünüz və həmin aksiyada iştirak etmisiniz. Həmin hadisə Azərbaycan mətbuatında gündəm oldu. Aksiya ilə bağlı fikirləriniz, hissləriniz maraqlıdır...
- Biz ölkədən kənarda yaşayan azərbaycanlılar digərlərinə nisbətən "Qarabağ" Azərbaycandır" şüarını daha tez-tez təkrarlamalıyıq. Biz harada olmağımızdan asılı olmayaraq, bir olmalıyıq. Biz “Şerif”in oyununa vətəndaş mövqeyimizi bildirməyə gəlmişdik. Moldova bir çoxumuz üçün ikinci evə çevrilib. Ona görə yerli komandaya dəstək olmağı özümüzə borc bildik. Eyni zamanda, “Qarabağ Azərbaycanın olub və olacaq” şüuarını səsləndirdik. Moldova Respublikasının qanunvericiliyinə uyğun olaraq, polisdən razılıq əldə edərək, sivil qaydada, təxribatlara yol vermədən aksiyamızı keçirdik.
- Ramil bəy, Moldovada futbol agenti olaraq fəaliyyət göstərirsiniz. Azərbaycanlı futbolçularla çalışırsınız, və ya hansısa futbolçunu Azərbaycan klubuna göndərmisiniz?
- Təbii ki, hər kəslə olduğu kimi, azərbaycanlı futbolçularla da işləyirəm. Amma təəssüflər olsun ki, Azərbaycan futbolçusunun xarici kluba keçidini təşkil etmək Aİ pasportu olan oyunçulardan qat-qat çətindir. Çünki onlar Avropada legioner hesab olunurlar. Mənim çalışdığım bazar isə əsasən Avropadır. Ancaq baxmayaraq ki, azərbaycanlı oyunçuları Aİ ölkələrinə, hətta Moldovaya da gətirmişəm.
- Klubunuzla bağlı planlarınızdan danışdınız, bəs özünüzün gələcək planlarınız nədir?
- Ümid edirəm, bir gün vətənə qayıdacağam. İndi Azərbaycanda ildə bir neçə dəfə oluram, amma daha tez-tez gəlmək istərdim.
Röya Kərimli