Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti və "Qarabağ" reqbi klubunun təsisçisi Eldar Kərimovun Fanat.Az saytına müsahibəsi:
- Əvvəlcə Azərbaycan Reqbi Federasiyasının və öz fəaliyyətiniz barəsində məlumat almaq istərdik.
- Mən hazırda kiçik sahibkarlıqla məşğulam. Reqbiyə gəlişim 2012-ci ilə təsadüf edir. İdmanın bu növü üzrə Azərbaycan yığmasında da oynamışam. "Bakı" reqbi klubunun üzvü olmuşam. Sonradan məşqçiliyə daha çox həvəs göstərdiyim üçün Azərbaycanda reqbinin atası sayılan Vaqif Səadətxana qoşuldum. Onun köməkçisi kimi fəliyyət göstərirdim. Ümumiyyətlə, Vaqif müəllim reqbidə yüksək səviyyəli mütəxəssisdir. Sovetlər dönəmində təkbaşına Azərbaycanda reqbinin inkişafı uğrunda çox çalışıb. Daha sonra "Qarabağ" reqbi klubunu təsis etdim.Buna böyük həvəsim var idi. 2015-ci ildə bu komandanı yaratdım. Həmin kluda məşqçi həm də rəhbər olaraq fəaliyyət göstərirəm. Hazırda isə komandanın hər yaş qrupu üzrə məşaçiləri var. Bir neçə ay əvvəl Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunmuşam.
Azərbaycan Reqbi Federasiyası 2004-cü ildə yaradılıb. 2005-ci ildən Avropa Reqbi İttifaqının rəsmi üzvüdür. Milli komandamız Avropa Millətlər Kubokunda iştirak edib. O zamanlar idmançı çatışmazlığı ucbatından "Bakı" reqbi klubunun oyunçuları həm də Azərbaycan yığmasını təşkil edirdi. Ölkəmizdə o qədər də populyar oyun deyildi və bu səbəbdən müxtəlif idman növlərindən idmançılar cəlb edirdik. Uşaq reqbisi isə bizdə 2015-ci ildən başladı. Buna qədər "Qarabağ", "Pələng", "Bakı" klublarında müxtəlif yaş qrupları birlikdə məşq edirdi. İki il bundan öncə federasiyanı digər rəhbərlər idarə edirdi. Onların nəticəsi bizi qane etmədiyinə görə federasiyanı təhvil aldıq. Gələcək işlərində onlara uğurlar arzu edirik. Hazırda federasiyanın üzvləri reqbi üzrə millimizin keçmiş oyunçularıdır. Qurumun prezidenti iş adamı Raqif Hüseynlidir. Ölkədə demək olar ki, ən təcrübəli reqbi oyunçusu elə odur. İngiltərədə idmanın bu növü ilə məşğul olub. Federasiyamız Milli Olimpiya Komitəsində də təsdiqlənib. Bu yaxınlarda Gənclər və idman nazirliyindən bizi dəvət edəcəklər. Akkreditasiyadan keçməliyik. Söz veriblər ki, yaxın zamanlarda bu proses baş tutacaq. Biz isə öz növbəmizdə bunu səbrsizliklə gözləyirik. Məqsədimiz uşaq və yeniyetmə reqbisinin inkişafı, bu idmanla məşğul olanların və klubların sayının artmasıdır. Təəssüflər olsun ki, hələ maliyyələşmə yoxdur. Çalışırıq ki, hər şeyi öz gücümüzlə edək. Məktəblər arasında komandalar yaradılacaq. Müxtəlif yarışlar təşkil olunacaq. Ümumiyyətlə, istəyirik uşaqlar arasında idmanın bu növünü populyar edək. Müşahidə etmişik ki, reqbi uşaq və yeniyetmələ maraqlıdır. Reqbi həm futbol, həm güləş, eləcə də digər idman növlərinin elementlərini özündə cəmləşdirir. İzləyicilərin də marağına səbəb olur. Ümidvarıq ki, gələcəkdə məqsədimizə çatacağıq.
- Hazırda ölkədə reqbi üzrə hansı çempionat keçirilir?
- Son iki ildə respublika birinciliyi keçirilib. Birinci il Sumqayıt təmsilçisi daha sonra "Qəbələ" və "Qarabağ" reqbi klubları çempion olub.
Hazırda "Şamaxı Olimpiya Mərkəzi", "Qarabağ", "Tisa Titans", "Bakı", "Samux" və "Qəbələ" klubları fəaliyyət göstərir. Bundan sonra çalışacağıq İdman və Gənclər Nazirliyi ilə birgə həm milli çempionatlar həm də digər turnirlər təşkil edək. Bir neçə regionumuzda klublar yaradılmışdı, amma onlar öz fəaliyyətlərini dayandırıblar.
- Reqbi üzrə millimiz və klublarımız hansı beynəlxalq yarışlarda iştirak edir?
- Reqbi üzrə milli komandamız hazırda yoxdur. Çünki yığmanın üzvləri artıq karyeralarını başa vurublar. Federasiya olaraq məqsədimiz həm də 14 yaşlılardan ibarət milli komanda yaratmaqdır. Yaxın iki ildə onlara oyun təcrübəsi verib beynəlxalq yarışlara aprmaq niyyətindəyik. Oyun təcrübəsi baxımından əziyyət çəkirik çünki klubların sayı azdır. Amma bəxtimiz onda gətirib ki, Gürcüstan kimi ölkə ilə həmsərhədik. Bildiyiniz kimi, Gürcüstan dünyada və avropada reqbi üzrə aparıcı ölkələrdən biridir. Çalışırıq onların klublarına qarşı oyunlar təşkil edək. İndiki dönəmdə quru sərhədlərin bağlı olmasına görə çətinlik çəkirik. Sponsor olmadığına görə təyyarə ilə gedib-gəlmək baha başa gəlir. İdman və Gənclər Nazirliyinə müraciət ünvanlayacağıq ki, operativ qərargahdan quru sərhədlə gedib-gəlməmiz üçün icazə asınlar. Ötən il "Qarabağ" klubu Gürcüstanda beynəxalq yarışda iştirak edib. Bu, komandanın ilk xarici səfəri idi. Nəticədə 4 oyundan birində qalib gəldik və ən cəsur komanda adına layiq görüldük. Təcrübəsizlik üzündən ilk oyunda uşaqlar bir qədər özlərini itirmişdi, amma layiqli mübarizə apardıq.
- Bu gün övladının reqbi ilə məşğul olmasını istəyən valideyin haraya müraciət edə bilər. İdmanın bu növü ilə məşğul olmaq ödənişlidirmi?
- Bu idmanla məşğul olmaq istəyənlər hal-hazırda "Qarabağ" və "Bakı" klubunun məşqlərinə yazıla bilər. Hər iki komandanın məşqləri Bakıda - "ASK Arena"da keçirilir. Hazırda ödənişsiz olsun deyə həftədə bir dəfə - bazar günü yığışırıq. Reqbi ilə məşğul olmaq tam ödənişsizdir. Biz özümüz bu idmanda ilk addımlarımızı atmağa başlayanda heç bir vəsait ödəməmişik. Buna görə də heç kimdən pul almırıq. Reqbi ilə məşğul olmaq istəyənlər hər həftənin bazar günü saat 10:00-da "Ask Arena"nın 4-cü meydançasına yaxınlaşa bilər. Fəaliyyətimizdən pul qazanmaq kimi məqsədimiz, arzumuz yoxdur. Dildə hobbi desək də, bunu peşəkar şəkildə təbliğ edib ucaltmaq istəyirik. Şamaxı və Qəbələ sakinləri də "Qəbələ" idman klubuna eyni zamanda Şamaxı Olimpiya mərkəzinə həmin qaydada müraciət edə bilərlər.
- İdmançıların reqbidəki gələcəyini hansı göstəricilər üzrə müəyyən edirsiniz?
- Reqbi elə bir idman növüdür ki, burada uşaqlar arasında fərq qoyulmur. Məşq üçün şərait hamı üçün enidir. Bizdə reqbiyə uyğun gəlməyib, amma bu idmanı sevənlər var. Bu səbəbdən bizdə hamıya yer tapılır. Praktikamızda maraqlı hadisələr də olub. Məsələn, iki il məşq edən uşaq var idi ki, reqbidə heç bir gələcək vəd etmirdi. Birdən-birə həmin oyunçu elə bir yüksək nəticə verdi ki, hamı təəccübləndi. Komandanın əsas üzvlərindən birinə çevrildi. II Qarabağ müharibəsinin iştirakçısı da olub və yaralanıb. Reqbi onu həm fiziki həm də mənəvi cəhətdən çox dəyişdi.
Heyətə əsasən nizam-intizamlı oyunçular düşür. Çünki reqbi düzgün davranış qaydaları üzərində qurulub. Fiziki olaraq inkişaf edirsə, sürəti yaxşıdırsa, topla rəftar etmək qabiliyyəti varsa, bu, onun gələcəkdə peşəkar reqbi oyunçusu olması şanslarını artırır. Həm də komandada işləmək bacarığı olmalıdır. Reqbi kollektiv idman növüdür. Futboldan fərqli olaraq burada bir nəfər oyunçu çox nadir hallarda nəyisə dəyişə bilər. Elə bir oyunçumuz var ki, fiziki göstəriciləri yüksək səviyyədədir, amma komanda oyunu oynamaqla arası yoxdur. Topu götürüb özü tək irəliləməyə üstünlük verir. Bu da onun digər üstünlüklərini kölgədə qoyur. Çalışırıq onun düşüncə tərzini dəyişək. Hələlik alınmır, ancaq ən yaxşısına ümid edirik.
- Bir az "Qarabağ" reqbi klubunun yaranması barədə...
- 2015-ci ildə Vaqif Səadətxanla "Bakı"da çalışırdım. O dönəmdə klubların sayı az idi deyə rəqib komanda da məhdud sayda idi. Qərara gəldik ki, hərəmiz bir komanda yaradaq. Vaqif müəllim "Pələng"i təsis etdi, mən isə "Qarabağ"ı yaratdım. Niyə məhz "Qarabağ"? Ona görə ki, özüm qarabağlıyam, əslən Şuşa şəhərindənəm. 2015-ci ildə torpaqların qayıdacağına inanırdıq, amma belə tezliklə baş verəcəyini təxmin etmirdik. Bu ad həm də əlavə məsuliyyət deməkdir. Oyunçularımızı klubun adına layiqli ruhda yetişdiririk. Komanda həm olkədə, həm də dünyada öz davranışı, idman tərbiyəsi, sağlam mübarizəsi və döyüşkənliyi ilə Azərbaycanı və Qarabağı təmsil etməlidir. Komandada üç fərqli yaş qrupları üzrə məşqlərimiz keçirilir. Bu ay artıq yeni mövsüm başlayacaq. Çalışacağıq hər üç yaş qrupu üzrə beynəlxalq yarışlarda iştirak edək.
Komandaların yaranması ilə bağlı daha bir məlumatı verim sizə. Avropa Azərbaycan Məktəbinin rəhbərliyi ilə əməkdaşlıq barədə şifahi razılığa gəlmişik. Sentyabrın 15-dən sonra rəsmi müqavilə imzalayacağıq. Həmin məktəbin tərkibində reqbi klubu - "Youg Lions" yaradılacaq. Bakı Britaniya Kollecinin rəhbərliyinin də razılığı var. Onların da reqbi komandası təsis ediləcək. Çalışacağıq məktəblərdən başlayaq. Həmin məktəb komandalarından seçilən uşaqlar milli komandaya cəlb olunub ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər.
Emin Şəmsiyev