Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Turan Tovuz" öz meydanında "Kəpəz"i qəbul edib. Qərb derbisi 2:0 hesablı üstünlüklə meydan sahiblərinin xeyrinə nəticələnib.
Fanat.Az xəbər verir ki, Tovuz təmsilçisinin çalışdırıcısı Ayxan Abbasov oyundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
41 yaşlı mütəxəssis evdə qələbə qazanmaq istədiklərini bildirib:
“Çempionatımızda belə oyunun olması xoş oldu. Azarkeşlər nəticədən asılı olmayaraq sevinirdilər. Çünki 9 ildən sonra Qərb derbisi qayıtdı. Önəmli oyun idi. Evdə qələbə qazanmaq istəyirdik. “Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik. Komanda tapşırıqları yerinə yetirdi. Nizam-intizamı sona qədər qoruduq. İstədiyimiz qolları vura bildik. Oyundan oyuna artırmalıyıq. Güvəndiyimiz gənc oyunçular var. Onlar da getdikcə özünəinamını artırırlar. Azarkeşlərimizi təbrik edirəm. Möhtəşəm idilər. Həqiqətən də futbola layiq atmosfer var idi. Qarşıda bizi çətin oyunlar gözləyir. Hazırlaşacağıq”.