Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi Slovakiyaya qarşı keçirəcəkləri matçdan - UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini deyib:
"Komandada atmosfer yaxşıdır. Ümid edirəm ki, sabahkı görüşdən sonra da ab-hava qaydasında olacaq. Dörd matçda göstərdiyimiz oyuna görə az xal yığmışıq. Slovakiya ilə qarşılaşmada əldə olunan imkanlardan istifadə etmək istəyirik.
Öz oyunumuz haqqında düşünməliyik. Kompakt şəkildə oynayaraq qalib gəlməliyik. Hər şey bizdən asılıdır. Rəqibdən qorxmamalıyıq. Onlara necə çətinlik yaradacağımızı bilirik".
İtaliyalı baş məşqçi yığmadakı taleyi ilə bağlı da danışıb: "Yekun qərarı federasiya verəcək. Hər şeyə rəğmən, əvvəlki kimi dost olacağıq. Qarşıdakı iki qarşılaşmanın bu məqamda həlledici olacağını düşünmürəm".
Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.