Beynəlxalq Cüdo Federasiyası (IJF) oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatı ərəfəsində Məmmədəli Mehdiyevin çıxış etdiyi 90 kiloqram çəki dərəcəsindəki idmançıların imkanlarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, qurumun rəsmi saytı Tokio-2020-nin qalibi gürcüstanlı Laşa Bekaurini mundialın əsas favoriti hesab edir.
IJF 22 yaşlı olimpiya çempionunun yoxluğunda son bir il ərzində dünya reytinqindəki vəziyyətə diqqət çəkib:
“Olimpiya çempionunu tatamidə görmək üçün bir ildən çox gözləməli olduq. Bekauri yalnız bir neçə həftə əvvəl hazırlığını yoxlamaq üçün Avropa Kubokuna qatıldı. Bəziləri bu vəziyyətdən istifadə edə bildi, bəziləri yox. Məsələn, azərbaycanlı Məmmədəli Mehdiyev dünya reytinqində liderliyə qədər yüksəldi. Özbəkistanlı Davlat Bobonov isə hazırda üçüncü sıradadır. Digər tərəfdən, macarıstanlı Kristian Tot və kubalı İvan Felipe Silva Morales reytinqdə gerilədi. Lakin Bekaurinin varlığı hər şeyi dəyişir. Çünki o, yarışlara qatılmadığından, reytinqdə 10-cudur və bu o deməkdir ki, erkən mərhələlərdə liderlərin biri ilə qarşılaşa bilər".