Ötən gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti uzadılıb.
Azərbaycan millisi komandasının sabiq yarımmüdafiəçisi, hazırda isə AFFA-nın məşqçi kursları üzrə təlimatçısı Aslan Kərimov Fanat.Az-a açıqlamasında italiyalı mütəxəssisin başçılığı altında yığmamızın gələcəyi haqda danışıb:
"De Byazi onun ətrafında gəzən neqativlərə cavab olaraq, oyun planı baxımından yalnız UEFA Millətlər Liqasında son üç matçımızdakı kimi futbol sərgiləyəcək. Çünki Avro-2024-ün seçmə mərhələsində rəqabət bundan qat-qat çətin olacaq. AÇ-nin seçmə tsiklində daha güclü rəqiblərlə üz-üzə gələcəyik. Top 10-luqda olan yığmalardan ən azı biri bizim qrupda yer alacaq. Həmin qrupdan çıxmağımız olduqca çətin görünür. Düzdür, hələ rəqiblərin kimliyi bilinmir. Amma böyük ehtimalla, qrupda Azərbaycan millisinin qarşısını alacaq iki güclü komanda olacaq.
Yığmanın oyunçuları ilə De Byazi arasında olan söz-sözhbətlərə gəlincə, bu mövzuya çox zaman ayırmaq istəmirəm. Kimin düz, kimin səhv olduğunu araşdırmaq yersiz alınar. Oyunçularla baş məşqçi arasında belə söz-söhbətlər yaranırsa, dərhal bunu aradan qaldırmaq lazımdır. Belə hallar komandanı yalnız geriyə apara bilər. Bu növ məsələlərin yaranmaması baş məşqçi tərəfindən idarə olunmalıdır.
De Byazi bizə nə vəd edir? Birinci müəyyən etməliyik ki, "vəd edir" deyəndə konkret olaraq nəyi nəzərdə tuturuq? Əgər seçmə mərhələnin qrupundan çıxmaqdırsa, düşünmürəm ki, millimiz buna nail olsun. Söhbət oyunumuzda yaxşıya doğru ümumi dəyişiklikdən gedirsə, ola bilər. Bir daha qeyd edim ki, UEFA Millətlər Liqasında daha yaxşı çıxış edə bilərik. İtaliyalı çalışdırıcının qalması ilə bağlı qərar verilibsə, burada neqativ fikir səsləndirmək yersiz olar. Hər hansısa tənqidin də mənası yoxdur.
De Byazi gələcəkdə Azərbaycan millisi ilə uğur qazanmaq istəyirsə, gərək futbolçularla daha yaxın və mütamadi ünsiyyətdə olsun. Qərar verərkən oyunçuların da fikirlərinə önəm verilməlidir. Kim bilir, bəlkə onun qoyduğu üslub bizim futbolçular üçün yararlı deyil. Futbolçuların mövqeyini öyrənib və ortaq məxrəcə gəlmək komandanın xeyrinə işləyən amillərdəndir. Məncə, misal olaraq "Qarabağ"ı göstərmək yerinə düşər. Futbolçular və çalışdırıcı arasında güclü kommunikasiya var. "Qarabağ"ın uğurlarının səbəblərindən biri də elə budur. Rəşad Sadıqovun oynadığı vaxtda oyundan öncə müzakirələr gedirdi. De Byazinin Qara ilə hansısa sözü üst-üstə düşməyə, Maksimin açıqlaması onun xoşuna gəlməyə bilər. Bunlara önəm vermək ən böyük səhv olar. Uğur qazanmaq üçün bu cür lazımsız söz-söhbətləri geridə qoymaq lazımdır. Neqativi unutmaq gərəkdir. Bu məsələləri şəxsiləşdirəsi olsaq, utopiyaya gedəcəyik. Canni De Byazi ilə davam etməyə qərar verilibsə, üzümüzü çevirməyin adı yoxdur. İstər jurnalistlər olsun, istərsə də mütəxəssislər, biz üzümüzü çevirib gedəsi olsaq, irəlidə bizi heç bir uğur gözləməyəcək".
Emin Şəmsiyev