"Yığmanın almaniyalı baş məşqçisi Riçard Trautmanı gənclərdə işləyən vaxtdan tanıyıram. Mən Azərbaycanın gənclər millisin çalışdıranda o da Almaniyanın yığmasının baş məşqçisi idi. Haqqında "zəif məşqçidir" deyə bilmərəm. Kifayət qədər işini bilən mütəxəssisdir. Amma açığı, bu dünya çempionatında cüdoçuların hazırlıq səviyyəsi ürəkaçan deyildi".
Bunu Fanat.Az-a açıqlamasında cüdo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının sabiq çalışdırıcısı Fərhad Məmmədov cüdoçularımızın Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında çıxışına münasibət bildirərkən deyib.
45 yaşlı mütəxəssis yığma üzvlərinin öz döyüş tərzini nümayiş etdirməyini düşünür:
"Rüstəm bir qayda olaraq tatamidə aqressiv, hərəkətli olub. Bu dəfə çox dayandı. Həmçinin Səid Mollayi eyni tərzdə döyüşüb həmişə, o da bu dəfə çox sakit göründü, gözlədi. Belə idmançıların birdən-birə fərqli taktikada güləşməsi adətən uğurlu olmur.
Ümumi götürəndə, idmançıların fiziki hazırlığl, dözümlülüyü mənə zəif təsir bağışladı. Bu günədək cəmi bir bürünc medal çox zəif nəticədir. 60 və 66 kilodakılaedan, eləcə də Rüstəm və Məmmədəlidən medal gözləntilərim varıydı. Doğrudur, haqq üçün onların uduzduğu idmançılar sıradan rəqiblər deyildi. Demək olar, hamısı sonradan medal qazandı. Dünya çempionatı çox çətin, Olimpiada səviyyəsində yarışdır. Hətta bəzi çəkilərdə iddialı ölkələrin iki idmançısının olduğunu nəzərə alsaq, daha çətin keçir. Amma bu, o demək deyil ki, belə də olmalıydı. Dediyim kimi, bizim idmançılar öz potensiallarını tam nümayiş etdirə bilmədi".
Qeyd edək ki, dünya çempionatında çıxışını başa vuran 10 Azərbaycan cüdoçusundan yalnız Hidayət Heydərov medal qazanıb. 73 kiloqram çəki dərəcəsində yer alan idmançı bürünc mükafata sahib çıxıb. Sabah son təmsilçimiz Zelim Kotsoyev (100 kq) mübarizəyə qoşulacaq.