Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən U-23 Avropa çempionatında fərdi yarışa yekun vurulub.
Fanat.Az xəbər verir ki, qitə birinciliyinə 14 cüdoçu ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl, 2 gümüş medalla başa vurub. Qızıl medalı Nazir Talıbov (60 kq), gümüş mükafatları isə Kənan İsmayılov (60 kq) və Könül Əliyeva (48 kq) ölkəmizin hesabına yazdırıblar.
Bununla millimiz ümumkomanda hesabında 6-cı olub. İlk üç yeri, müvafiq olaraq, Fransa (2 qızıl, 3 gümüş, 3 bürünc), Türkiyə (2-2-1) və Macarıstan (2-1-2) tutublar. Yalnız kişilərin sıralamasında isə ölkəmiz 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, sabah AÇ-də komanda yarışı baş tutacaq. Azərbaycan millisi təsnifatda Ukrayna kollektivi ilə üz-üzə gələcək.