12 gün sonra Qətərdə start götürəcək futbol üzrə dünya çempionatı ərəfəsində "Netflix" qalmaqallı filmin nümayişinə hazırlaşır.
Fanat.Az İsveçrə mətbuatına istinadən xəbər verir ki, söhbət FİFA-dakı məlum saxtakarlıqdan gedir.
İstintaq sənədləri əsasında çəkilən serial təşkilat daxilində baş verən qalmaqalları üzə çıxaracaq.
Bu arada FİFA-nın keçmiş prezidenti Zepp Blatterin filmdə yer alacaq açıqlaması yayılıb. İsveçrə mətbuatı 1998-ci ildən 2015-ci ilə qədər beynəlxalq futbol qurumuna başçılıq edən Blatterin fikirlərini təqdim edib: "Qətər seçimi böyük səhv idi. Əvvəldən 2018-ci ildə Rusiyanın, 2022-ci ildə isə ABŞ-ın dünya çempionatına ev sahibliyi edəcəyi barədə razılıq əldə edilmişdi. Bu, iki ölkə üçün sülh jesti olmalı idi, çünki onlar bir-birinin ardınca dünya çempionatı təşkil etmək imkanı qazanacaqdı. Ancaq dünya çempionatının keçirilməsinə siyasət təsir etdi. 2010-cu ildə FİFA Konqresinə yeddi gün qalmış hər şey dəyişdi. Mişel Platini mənə zəng etdi və dedi ki, bizim planımızı həyata keçirmək mümkün olmayacaq. O, mənə Fransa prezidenti Sarkozidən zəng gəldiyini və Fransanın birinci adamı ilə görüşü yenicə bitirdiyini söylədi. Sarkozi Platiniyə deyib ki, Qətərin dünya çempionatına ev sahibliyi etməsini istəyir. Mən buna qarşı idim. Lakin Platini məndən soruşdu ki, prezident israr etsə, nə cavab verəcəm. Sonda Platininin verdiyi dörd səs həlledici oldu və nəticədə ABŞ-ın yerinə Qətərin ev sahibi olması qərara alındı. Əlbəttə, hər şey pulla bağlı idi. Altı ay sonra Qətər Fransa üçün təxminən 15 milyard dollar dəyərində qırıcı təyyarələr aldı".
Mirağa