Qətərdə keçiriləcək DÇ-2022-nin iştirakçılarının bir qismi mundiala aparacağı futbolçuların adını açıqlayıb. Əsas heyətində yer alacaq oyunçularının adını açıqlayan millilərdən biri də ABŞ seçməsidir.
Fanat.Az xəbər verir ki, "yankilər" dünyanın ən mötəbər yarışına 26 futbolçu ilə yollanacaq.
ABŞ millisinin heyətinə nəzər salsaq görərik ki, planetin ən tanınmış klublarında çıxış edən futbolçular da var.
Qapıçılar: Horvart (Lyuton Taun), Conson (Nyu York),Törner (Arsenal).
Müdafiəçilər: Karter-Vikers (Seltik), Dest (Milan), Lonq (Nyu York Red Bullz), Mur (Neşvill), Roma (Fulhem), Robinson (Fulhem) Skalli (Borussiya Mönhenqladbax), Yedlin (İnter Mayami), Zimmerman. (Neşvil).
Yarımmüdafiəçilər: Aaronson (Lids), Akosta (Los Anceles), Adams (Lids), De la Torre (Selta), Makkenni (Yuventus), Musa (Valensiya), Roldan (Siettl Saunders).
Hücumçular: Ferreyra (Dallas), Morris (Sietl Saunders), Pulişiç (Çelsi), Reina (Borussiya Dortmund), Sarcent (Norviç), Vea (Lill), Rayt (Antalyaspor).
Komanda mudialda qrupunda İran, İngiltərə və Uels seçmələri ilə mübarizə aparacaq.
Digər dünya çempionatlarından fərqli olaraq ABŞ millisi Qətərə daha çox ulduzu olan heyətlə yollanır. Ueston Makkenni, Kristian Pulişiç, Met Törner, Timoti Vea, Serjinyo Dest, Reyna kimi futbolçular çıxış etdikləri çempionatlarda kifayət qədər keyfiyyətli oyun nümayiş etdirirlər.
Komandanın ortalama yaşı 25-dir.
ABŞ yığmasının sabiq yarımmüdafiəçisi, hazırda "Neftçi"nin forması ilə Misli Premyer Liqasında çıxış edən yarımmüdafiəçi Kenni Saief saytımıza verdiyi açıqlamasında keçmiş millisinin DÇ-2022-dəki şanslarını belə dəyərləndirib:
"Qətərdə keçiriləcək dünya çempionatına yollanacaq futbolçuların çoxu ilə bir komandada çıxış etmişəm. Bu qrupdan rahat çıxmaq üçün komandanın böyük potensialı var. Millidə bir çox istedadlı futbolçular oynayır. Onların çoxu ən yaxşı liqalarda mübarizə aparır. Ona görə də bu baxımdan müəyyən qədər arxayınam".
Qeyd edək ki, Şimali Amerika təmsilçisi mundialdakı ilk oyununu noyabrın 21-i Uelsə qarşı keçirəcək.
Emin Şəmsiyev