DÇ-2022-nin startına 4 gün qalıb. Noyabrın 20-də start götürəcək futbol bayramı dekabrın 18-dək davam edəcək.
Qətərdə təşkil olunacaq mundialda hansı yığmanın dünya çempionu adını qazanmağa əsas namizəd olduğu isə ən çox müzakirə edilən mövzularından biridir.
Futbol mütəxəssisi, millimizin sabiq üzvü Aslan Kərimov Fanat.Az-a açıqlamasında DÇ-2022-də komandaların şanslarını dəyərləndirib:
"Bizim nəslin bəxtinə elə düşüb ki, futbol aləmində bir çox yeniliklərlə üzləşdik. Pandemiya dönəmində futbol tarixində bir ilk yaşadıq. Oyunlardan öncə verilən testlər, bu prosedurun oyunlara təsiri, o cümlədən dünya çempionatının ilk dəfə noyabr ayında keçirilməsi kimi hallara şahid olduq.
Dünya çempionatları həmişə daxili liqalarda mövsüm başa çatdıqdan sonra yay aylarında başlayırdı. Bu dəfə isə daxili çempionatlarda fasilə olduğu vaxtda dünya çempinatı keçiriləcək. Bu, əlbəttə, mundiala təsirsiz ötüşməyəcək. Mənə elə gəlir ki, bu amil müsbət tərəfdən təsir edəcək. Çünki mövsüm başa çatdıqda futbolçular uzun bir marafon keçdikdən sonra dünya çempionatında iştirak edirlər. Bəzən dincəlmədən matçlara çıxmaq məcburiyyətində qalırlar. Bu dəfə isə mövsümün ortasıdır, ən qızğın vaxtdır. Fikrimcə, bu dünya çempionatı daha sürətli keçməsi ilə yadda qala bilər.
Ümumilikdə qrupları dəyərləndirsək, İngiltərə, Almaniya, Fransa, İspaniya, Portuqaliya kimi ölkələr hər dəfə olduğu kimi favoritlər sırasındadırlar. Təbii, Cənubi Amerikadan Braziliya, Argentina da istisna deyil. Bu ölkələr mundiallarda həmişə üst sıralarda olublar. Aşağı-yuxarı elə bu ölkələrin milliləri də sonda qalib olur.
***
Sıralama ilə gedəsi olsaq, Ekvador, Seneqal, Qətərlə A qrupunda yer alan Niderland millisinin favorit olduğu aşkardır. Turnirin ev sahibi Qətər də bu qrupda mübarizə aparacaq. Ancaq onların qrupdan çıxacağına şübhə ilə yanaşıram. Mənə elə gəlir ki, ilk pillədə Niderland qərarlaşacaq. İkinci yer uğrunda mübarizə isə Seneqal ilə Ekvador arasında gedəcək. Fikrimcə, qrupdan çıxmağa Seneqal daha yaxındır.
Maraqla gözlədiyimiz mübarizə B qrupunda İran ilə ABŞ arasında olacaq. Oyunun gərginliyi bütün dünyaya məlumdur. Hesab edirəm ki, bu qarşılaşma böyük maraqla izlənəcək. Amma sözsüz ki, B qrupunun bariz favoriti İngiltərə millisidir. Məncə, İngiltərə və Uels milliləri 1 və 2-ci yerləri tutaraq qrupdan çıxa bilərlər.
Səudiyyə Ərəbistanı, Polşa və Meksika millilərinin də yer aldığı C qrupunun aşkar favoriti Argentinadır. Polşa ilə Meksika arasında isə 2-ci yer uğrunda mübarizə gedəcək.
Fransa, Avstraliya, Danimarka, Tunisin olduğu D qrupuna təbii ki, Fransa dominantlıq edəcək. Lider Fransa, ikinci yerin sahibi isə Danimarkanın olmaq şansı daha çoxdur.
Maraqlı qruplardan biri E qrupudur. Almaniya - İspaniya dueli maraqlı olacaq. Yaponiya və Kosta-Rika da var burada. Düzdür, zaman-zaman Almaniya millisinin hansısa turnirdə büdrəməsini görürük. Kosta-Rika millisini isə hardasa bu qrupun gizli favoriti sayıla bilər. Amma Almaniya - İspaniya matçının nəticəsinin həlledici olacağını düşünürəm. Bu iki komandanın 1 və 2-ci yerləri tutacağını zənn edirəm.
F qrupunda Belçika, Kanada, Mərakeş, Xorvatiya yer alıb. Burada da Xorvatiya ilə Belçikanın aşkar favorit olduğunu görünür.
Braziliya, Serbiya, İsveçrə, Kamerun millilərinin yer aldığı G qrupu barədə nəsə demək üçün futbol eksperti olamağa ehtiyac yoxdur. Çox güman ki, qrupun lideri Braziliya millisi olacaq.
Sonuncu - H qrupunda Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya yer alıb. Bu qrupda da Portuqaliya bariz liderdir. Qalan hər 3 milli aşağı-yuxarı bir-birinə yaxındır. Burda ikincilik uğrunda gərgin mübarizə gedəcək. Düzü, bu qrupda kimin 2-ci yeri tutacağını deyə bilmirəm. Çünki hər üç komandanın şansı eynidir.
***
Qrup mərhələsindən sonraki mərhələrdə 1/4 finala qədər təxmin etmək olar. Braziliya, Fransa, İngiltərə, İspaniya və ya Almaniya milliləri yüksələcək. Yarımfinala əsas favoritlərim ən komplektləşmiş millilərdən olan İngiltərə, çoxlarının böyük uğur qazanacağına inanmadığı Fransadır. Mənə elə gəlir ki, Fransa millisi potensialı olan və yarımfinala qədər irəliləyəcək komandadır. İspaniya çox cavan millidir. Bu komandandan nəticə gözləmək olar. 1/4 finala qədər çıxa bilərlər.
***
Hansısa millinin parlayacağını isə demək çətindir. Bir çox komandanın seçmə mərhələnin qrup oyunlarını izləmək şansımız olmayıb. Ona görə ancaq qrup oyunları keçirildikcə görmək, daha doğrusu, qrupun sonuncu matçından sonra qiymətləndirmək olar. Ondan sonra təxmin etmədiyimiz millinin gözləmədiyimiz nəticəsi olarsa, onu fərqləndirmək olar. Bəlkə Danimarka millisini qeyd etmək olar. Uzun müddətdir mundiallarda iştirak etmir. Ola bilər ki, Danimarka millisini yaxşı nəticə göstərsin. Çünki Avropa çempionatında parlaq çıxışları ilə azarkeşlərin rəğbətini qazanmışdılar. Düşünürəm ki, bəlkə bunun ardını gətirərlər.
Amma kimin çempion olacağını demək mənim üçün çətindir. Dünya çempionatının marafonu Avropa çempionatına nisbətən uzundur. Ona görə proqnozu lotoreya kimi demək olar. Ancaq demək istəmirəm. Bilmirəm hansı komanda çempion ola bilər.
Hazırda İngiltərə, Fransa və Braziliya mənim üçün yarımfinala, finala çıxa biləcək millilərdir. Belçika yığmasını da vurğulamaq istərdim. Amma mənə elə gəlir ki, artıq yaşlanmış heyətə malikdirlər. Ona görə onları istisna edirəm".
Röya Kərimli