Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən Gəncədə keçirilən “Kəpəz” – “Sumqayıt” (1:0) qarşılaşmasında gərginlik yaşanıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qonaq komandanın müdafiəçisi Vurğun Hüseynovla yerli azarkeşlərdən biri arasında mübahisə baş verib.
Komandası məğlub durumda olan Vurğun topdaşıyan uşaqlardan birinə qışqırıb. Bu isə gəncəli azarkeşlərin xoşuna gəlməyib. Tribunadakı azarkeşlərdən biri Vurğun Hüseynova etiraz edib, onların arasında söyüşlə müşahidə olunan mübahisə yaşanıb. Olaya "Kəpəz"in azarkeşlərlə keçkiş əlaqələndirici nümayəndəsi, hazırda mühafizə xidmətinin rəisi olan Elmar Əliyev müdaxilə edib və azayiş keşikçilərindən həmin şəxsin tribunadan uzaqlaşdırılmasını istəyib. Topdaşıyan uşağı müdafiə etməyə çalışan azarkeşin tribunadan uzaqlaşdırılması ilə mübahisə yekunlaşıb.
Elmar Əliyev xəbərimizi təsdiqləyib: "Doğrudur, belə bir şey baş verdi. Həmin azarkeş Vurğunla mübahisə etdi. Buna görə müdaxilə etdim. Ona dedim ki, azərbaycanlı futbolçu Gəncəyə qonaq kimi gəlib, belə davranış bizə yaraşmaz. Fərqi yoxdur kim olur olsun, rəqib komandaya qonaqpərvərliyimizi göstərməliyik. Meydandakı mübarizə başqa, kənardakı davranış başqa. Müdaxiləmdən sonra polis həmin azarkeşi stadiondan uzaqlaşdırdı".
Mirağa