Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Meksika üzərində qazandıqları qələbəni (2:0) şərh edib.
Fanat.Az Argentina yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qarşılaşmada qol və məhsuldar ötürmə ilə yadda qalan 35 yaşlı superulduz belə danışıb:
"Meksika yaxşı oynadığı üçün ağır oyun oldu. İlk yarıda intensiv çıxış etsək də, ikinci hissədə bir qədər sakitləşdik. Sonradan özümüzə gələrək lazım olan şəkildə oynadıq. Bilirdik ki, bu görüşdə qələbə qazanmalıyıq. İstəymizə çatdığımız üçün şadam. İndi hər matça final oyunu gözüylə baxmalıyıq. Daha səhv limitimiz dolub.
Birinci görüşdə uduzmuşuqsa, insanların reaksiyasını normal qəbul etməliyik. Əlbəttə, daha o nəticəni dəyişmək mümkün deyil. Ancaq əsl komanda ruhu fonunda vəziyyəti düzəldə bilərik".